ABŞ-nin hərbi əməliyyatlara xərclədiyi vəsait açıqlandı

Dünya

16.02.2026 01:23

ABŞ-nin Karib dənizi regionunda həyata keçirdiyi hərbi fəaliyyətlər ölkəyə təxminən 2,9 milyard dollara başa gəlib.

TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumata görə, ötən ilin noyabr ayının ortalarından yanvar ayının ortalarına qədər Amerika hərbi gəmilərinin bölgədəki əməliyyatlarının gündəlik xərci 20 milyon dolları ötüb. Xərclərin əsas hissəsi əvvəldən ayrılmış müdafiə büdcəsi hesabına qarşılanıb.

Bildirilir ki, rəsmi Vaşinqton əməliyyatın vergi ödəyiciləri üçün əlavə maliyyə yükü yaratmadığını desə də, bir neçə ay əvvəl Karib dənizinə hərbi gəmilər və təyyarələrin yerləşdirilməsi milyardlarla dollar xərc tələb edib. Qüvvələrin regiona yönləndirilməsi ABŞ-nin digər bölgələrdəki hərbi imkanlarını da müəyyən qədər məhdudlaşdırıb.

Hesablamalar açıq mənbələrə əsaslanaraq aparılıb və əsasən əməliyyatlarda iştirak edən gəmilərin, təyyarələrin və uzaqdan idarə olunan platformaların istismarı, eləcə də istifadə olunmuş sursatların yenilənməsi xərclərini əhatə edir. Kəşfiyyat və hədəfləmə ilə bağlı əlavə xərclər isə bu məbləğə daxil edilməyib.

Yanvarın əvvəlində həyata keçirilən hərbi əməliyyatdan sonra ABŞ tərəfi əməliyyatı uğurlu adlandırıb. Hadisədən sonra ölkədə siyasi gərginlik artıb, yeni rəhbərlik formalaşıb və beynəlxalq səviyyədə müxtəlif reaksiyalar səsləndirilib. 

Türkan İsgəndərli

tag: ABŞ,Karib,Hərbi,Xərc,Todaypress.tv,