ABŞ neft satışını 3 milyon barelə çatdırmaq niyyətindədir

Dünya

23.03.2026 23:00

İranla müharibə səbəbindən kəskin artan neft qiymətlərini aşağı salmaq üçün strateji neft ehtiyatından 172 milyon barel neft çıxaracağını vəd edən ABŞ satışa gündəlik 1-1,5 milyon bareldən başlayacaq və bu həcmi 3 milyon barelə qədər çatdıracaq.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ-nin energetika naziri Kris Raytın "CERAWeek" konfransındakı bəyanatına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Asiya bazar sarsıntılarından ən çox zərər çəkən regiondur və bu bölgədəki neft emalı zavodlarının (NEZ) tədarükünü təmin etmək ABŞ Prezidenti Donald Tramp administrasiyası üçün prioritet vəzifə olub.

"Biz Asiya neft emalı zavodlarını neftlə təmin etmək və emal sahəsindəki geriləməni minimuma endirmək istəyirik", - deyə nazir bildirib.

O qeyd edib ki, dünya bazarında neftin qiyməti tələbatın azalmasına səbəb olacaq dərəcədə yüksəlməyib.

ABŞ-nin energetika idarəsinin rəhbəri həmçinin vurğulayıb ki, strateji neft ehtiyatından gələcəkdə əlavə neft çıxarılması ehtimalı azdır:

"ABŞ-nin İranla müharibə zamanı enerji bazarlarını stabilləşdirmək üçün strateji neft ehtiyatından əlavə həcmdə neft çıxarmayacağı ehtimalı çox yüksəkdir, qiymətlərin endirilməsi üçün bir sıra digər rıçaqlar nəzərdən keçirilir".

Nazir NEZ-lərin səmərəliliyinin artırılması ilə yanaşı, bazara dizel yanacağı tədarükünün artırılmasını da sözügedən rıçaqlar arasında qeyd edib.

TodayPress TV

tag: Neft,ABŞ,Satış,Kris Rayt,