ABŞ Kubanın neft tədarükünü tamamilə dayandırmağı nəzərdən keçirir
Dünya
24.01.2026 13:35
ABŞ Prezidenti Donald Tramp administrasiyası Kubaya neft tədarükünü tam dayandırmaq məqsədilə bu ölkəyə qarşı dəniz blokadası tətbiq etmək imkanını müzakirə edir.
TodayPress TV xəbər verir ki, bu barədə "Politico" mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, administrasiya daxilində Kuba hökumətini tənqid edən bəzi dairələr bu addımın atılmasını tələb edir və onları ABŞ dövlət katibi Marko Rubio dəstəkləyir.
Hələ ki, bu tədbirin təsdiqlənib-təsdiqlənməyəcəyi ilə bağlı yekun qərar qəbul edilməyib. Lakin nəşrin yazdığına görə, neft idxalına tam blokada Trampa Kubada kommunist hökumətinin devrilməsi üçün təqdim oluna biləcək variantlardan biridir.
Eyni zamanda, mənbələr qeyd edir ki, administrasiya daxilində bu qədər radikal addımın məqsədəuyğunluğu ilə bağlı ciddi fikir ayrılıqları mövcuddur. Venesueladan neft tədarükünün kəsilməsi, eləcə də Havana hakimiyyətinin həmin həcmlərin bir hissəsini yenidən satmaqla əldə etdiyi xarici valyuta gəlirlərinin itirilməsi artıq Kuba iqtisadiyyatını ciddi şəkildə zəiflədib. Neft idxalının tam dayandırılması isə humanitar böhrana səbəb ola bilər. Bu səbəbdən administrasiyanın bəzi əməkdaşları belə bir tədbirə qarşı çıxır.
Xatırladaq ki, yanvarın 11-də Tramp “Truth Social” səhifəsində Kuba ilə bağlı paylaşım etmişdi:
“Kubaya artıq nə neft, nə də pul daxil olacaq. Onlara ABŞ ilə razılaşma əldə etməyi tövsiyə edirəm, hələ gec deyil”.
Aysel Mətləb
tag: Tramp,Kuba,Neft,Blokada,Todaypress.tv,
