ABŞ İran yaxınlığında hərbi qüvvələr yerləşdirəcək

Dünya

16.01.2026 17:38

Pentaqon Prezident Donald Trampın İrana zərbə endirmək qərarı verəcəyi halda ona hərbi seçimlər təqdim etmək üçün İran yaxınlığındakı bölgədə qüvvələr yerləşdirəcək.

TodayPress TV xəbər verir ki, bu barədə "Fox News" ABŞ hərbi mənbələrinə istinadən məlumat verib.

Mənbələrdən biri bildirib ki, mümkün hərbi əməliyyatlar əvvəlkilərdən fərqli olaraq daha hücum xarakterli ola bilər. ABŞ hərbi planlaşdırıcıları İran hakimiyyətinin yaxın günlərdə atacağı addımlardan asılı olaraq bir neçə ssenari hazırlayır.

"Fox News" ABŞ-yə məxsus təyyarədaşıyan gəminin artıq Yaxın Şərq istiqamətində hərəkət etdiyini təsdiqləyib. Gəminin bölgəyə çatmasının bir həftədən çox çəkməyəcəyi gözlənilir.

Telekanal qeyd edib ki, rəsmilər bu addımları “qüvvə yerləşdirmə prosesi” kimi xarakterizə ediblər.

ABŞ rəsmilərinin məlumatına görə, hazırda ABŞ Mərkəzi Komandanlığının tabeliyində Yaxın Şərqdə təxminən 30 min amerikalı hərbçi yerləşdirilib.

Türkan İsgəndərli

TodayPress TV

tag: İran,Zərbə,ABŞ,Qüvvə,Todaypress.tv,