ABŞ Britaniyadan ələ keçirilən tanker kapitanını təxliyə etdi
Dünya
28.01.2026 09:43
ABŞ Sahil Mühafizəsi Böyük Britaniyadan ələ keçirilmiş Marinera neft tankerinin kapitanı və birinci köməkçisini ölkədən çıxarıb.
TodayPress TV xəbər verir ki, Şotlandiyanın baş prokuroru Rut Çarterisin "Sky News" telekanalına açıqlamasına görə, kapitan Avtandil Kalandadze və birinci köməkçi hazırda ABŞ Sahil Mühafizəsinə məxsus Munro gəmisinin göyərtəsindədir və artıq Birləşmiş Krallığın ərazi sularını tərk ediblər.
Onun sözlərinə görə, ABŞ Ədliyyə Nazirliyi bu məlumatı Şotlandiya Baş Prokurorluğuna elektron məktubla təsdiqləyib.
Bildirilir ki, kapitanın ailə üzvləri onun Şotlandiyada qalmasına nail olmağa çalışıblar. Vəkillər Edinburq məhkəməsinə təcili qərar üçün müraciət edərək gəminin və göyərtəsində olan şəxslərin Britaniya ərazisindən çıxarılmasının qarşısının alınmasını istəyiblər. Məhkəmə əvvəlcə vəsatəti təmin etsə də, daha sonra qərarı geri götürüb.
Çarterisin açıqlamasına görə, Marinera tankerinin digər 26 ekipaj üzvü Şotlandiyanın İnverness şəhərindəki ordu ehtiyat mərkəzinə aparılıb, hazırda isə Elgin şəhərində hoteldə yerləşdiriliblər. Bu 26 nəfərdən heç biri sığınacaq istəməyib: beşi ABŞ-yə getmək niyyətindədir, qalanları isə başqa ölkələrə üz tutmaq istəyir.
Xatırladaq ki, yanvarın 7-də ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı Marinera tankerinin ABŞ federal məhkəməsinin orderi əsasında Şimali Atlantik okeanında saxlanıldığını açıqlamışdı. Gəmi İslandiya sahillərindən təxminən 200–300 kilometr cənubda, Murmansk istiqamətində hərəkət edirdi. ABŞ tərəfi tankeri Venesueladan neft daşınması ilə bağlı sanksiyaları pozmaqda ittiham edir. Təqib dekabrda ekipajın ABŞ Sahil Mühafizəsinin yoxlama qrupunu göyərtəyə buraxmaqdan imtina etməsindən sonra iki həftədən çox davam edib.
Qiymət Mahir
tag: ABŞ ,Şotlandiya,Marinera ,Böyük Britaniya,Todaypress.tv,
