ADA universitetində trilyonluq süni intellekt modelləri

ADA universitetində trilyonluq süni intellekt modelləri
14.10.2026 11:24 Tədbirlər

“Universitet laboratoriyaları sıfırdan trilyonluq süni intellekt modelləri təlim etmək əvəzinə, kiçik modellərin xüsusi sahələrə uyğunlaşdırılmasına, lokal məlumat dəstlərinin və bençmarkların yaradılmasına diqqət yetirməlidir”.

TodayPress TV xəbər verir ki, bunu ADA Universitetində keçirilən İnformasiya və Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə 20-ci IEEE Beynəlxalq Konfransında (AICT2026) Nəzərbəyev Universitetinin Kompüter və Süni İntellekt Məktəbinin dekanı, Ağıllı Sistemlər və Süni İntellekt İnstitutunun (ISSAI) təsisçi direktoru, professor Hüseyn Atakan Varol deyib.

Məruzəçi Bakıda və dahi alim Lütfi Zadənin vətənində olmaqdan böyük şərəf duyduğunu bildirib, ADA Universiteti və Azərbaycanın digər ali təhsil müəssisələri ilə inteqrasiya və əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib.

Professor bildirib ki, 2019-cu ildən fəaliyyət göstərən ISSAI institutuna 2024-cü ildə Qazaxıstan üçün milli generativ süni intellekt sistemlərinin işlənməsi tapşırılıb. İnstitut tərəfindən 20 mindən çox aktiv istifadəçisi olan "ISSAI Playground" platforması yaradılıb. Platformada nitq və mətn tərcüməsi, real vaxt rejimində subtitr xidməti, kənar qurğular üçün "Olda" modeli və fərdi məlumatların qorunması üçün "Kupiya" aləti fəaliyyət göstərir.

O, həmçinin  regionda açıq elmi tədqiqatları dəstəkləmək məqsədilə "Hugging Face", "GitHub" və "ModelScope" üzərində Mərkəzi Asiyanın ən böyük kod və model bazasının idarə olunduğu, "NVIDIA" superkompüterləri əsasında "İrgetas" klasterinin istismar edildiyi diqqətə çatdırıb.

Süni intellektin riyazi əsaslarına toxunan H.A.Varol qabaqcıl modellərin təlimi üçün yüz trilyonlarla token və böyük hesablama resurslarının tələb olunduğunu vurğulayıb.

Alim əlavə edib ki, kiçik modellər məxfiliyin qorunması və yerli dildə işləməsi baxımından rəqəmsal suverenliyin əsasını təşkil edir.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
14 OKTYABR 2026
Bütün Xəbərlər