Yollar yalnız avtomobillər üçün deyil! - İRAD

Cəmiyyət

27.11.2025 16:50

"Bakıda avtobus zolaqlarının tətbiqi ictimai nəqliyyatın daha səmərəli və vaxtında işləməsinə imkan yaradır".

Bu barədə TodayPress TV-yə açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib.


Onun sözlərinə görə, son illər şəhər mühitində hərəkətin bütün istifadəçilər üçün sərbəst təşkili məqsədilə avtobus zolaqlarının çəkilməsi dövlət proqramında da təsbit olunub:

"İctimai nəqliyyatla hərəkət edən sərnişinlər artıq daha qısa müddətdə mənzil başına çatdıqlarını və dayanacaqlarda uzun gözləmə hallarının azaldığını bildirirlər. Bu da intervalların qısalması və avtobus sayının artması ilə mümkün olub". 

Ekspert əlavə edib ki, müəyyən qədər narazılıq bildirən sürücülər olsa da, hər bir vətəndaş həm piyada, həm sərnişin, həm də sürücü kimi şəhər hərəkətinin bütün tərəflərini anlamalıdır:


“Bu hərəkət hamı üçün sərbəst olmalıdır. Avtobus zolaqlarının məqsədi yalnız ictimai nəqliyyatın daha stabil və davamlı hərəkətini təmin etməkdir. Gələcəkdə ictimai nəqliyyata maraq daha da artacaq. Bunun səbəbi isə həm avtobus şəbəkəsinin genişlənməsi, həm də metroda aparılan genişmiqyaslı yenidənqurma işləridir: yeni stansiyalar, depolar və qatarlar şəhər nəqliyyatının yükünü yüngülləşdirəcək".

Eldəniz Cəfərov vurğulayıb ki, şəhərləşmə prosesi bütün dünyada sürətlənib. Yalnız avtomobilləşməyə üstünlük vermək gələcəkdə hərəkət azadlığını daha da məhdudlaşdıra bilər. Buna görə də nəqliyyat sistemi şaxələndirilməlidir:

"Yollar yalnız avtomobillər üçün deyil. Yaxın gələcəkdə tramvay xətlərinin də çəkilməsi planlaşdırılır. Bakıda tıxacların yaranma səbəbləri çoxşaxəlidir və avtobus zolaqları bu problemlərin əsas mənbəyi deyil. Tıxaclar daha çox yol infrastrukturu, şəhərsalma nöqsanları, tikinti özbaşınalıqları ilə bağlıdır. Avtobus zolaqlarının funksiyası yalnız ictimai nəqliyyatın hərəkətini təmin etməkdir".

Mütəxəssis qeyd edib ki, salınan avtobus zolaqları yalnız şəhərdaxili ictimai nəqliyyat avtobuslarına aiddir. Şəhərlərarası, özəl şirkətlərə və ya dövlət qurumlarına məxsus avtobusların bu zolaqlardan istifadə hüququ yoxdur.


"Proses mərhələli şəkildə genişlənməli və ictimai nəqliyyatın inkişafı şəhərin gələcək yükünü qarşılamaq üçün əsas prioritet olmalıdır", - deyə o, fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Eldəniz Cəfərov,Ekspert,Avtomobil,Yol,Todaypress.tv,