Yanacaqdoldurma zamanı aldadıla bilərsiniz: Hədəf qadınlardır

Cəmiyyət

26.11.2025 17:48

"Paytaxtda fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində (YDM) sürücülərin aldadılması ilə bağlı hallar əvvəlki illərlə müqayisədə xeyli azalıb".

Bunu TodayPress TV-yə açıqlamasında avtomobil ustası Sahil Ağabəyli bildirib.


Onun sözlərinə görə, illər əvvəl YDM-lərdə həm operatorlar, həm də bəzi sürücülər tərəfindən müxtəlif üsullarla aldatma halları geniş yayılmışdı. Lakin hazırda Bakıda aparılan müşahidələr zamanı yanacaqda kəsinti faktlarına demək olar ki, rast gəlinmir:

"Hazırda YDM-lərin təxminən 80 faizində kəsinti yoxdur. Mən özüm ayda bir-iki dəfə nümunələr götürürəm və paytaxtda kəsinti halı ilə qarşılaşmıram. Rayonlarda və qeyri-rəsmi məntəqələrdə müəyyən fərqlər ola bilər".

Ağabəyli xüsusilə xanım sürücülərin daha çox hədəf alındığını qeyd edib. Belə ki, bəzi məntəqələrdə sürücünün diqqəti yayınan anda operatorlar əvvəlki müştərinin sayğacını sıfırlamadan yanacaq vurmağa başlayırlar:

"Bu zaman ödənilən məbləğdən artıq yanacaq göstərilməsi mümkündür. Buna görə sürücülər yanacaq vurulan zaman sayğacın sıfırlanmasına mütləq nəzarət etməlidirlər. Operatorun yanında dayanmağa ehtiyac yoxdur, sadəcə sayğacı görmək kifayətdir. Yanacağa başlananda sayğac mütləq sıfırdan açılmalıdır".

Ekspert əlavə edib ki, aldatma hallarının ən az müşahidə olunduğu vəziyyət çənin tam doldurulmasıdır:

"Çəni tam doldurarkən operatorların kəsinti etməsi mümkün olmur. Ən çox problem müəyyən məbləğ, məsələn, 10 və ya 20 manatlıq yanacaq vurulanda yaşanır", - deyə Sahil Ağabəyli vurğulayıb.

Qeyd edək ki, sosial mediada maşın istifadəçiləri belə hallardan narazı olduqlarını, tez tez rastlaşdıqlarını bildiriblər.

Türkan İsgəndərli

TodayPress TV

tag: Sahil Ağabəyli,Avtomobil ustası,Yanacaqdoldurma,Qadınlar,Todaypress.tv,