Yağışlı havalarda avtomobillər ciddi risklə üzləşəcək – USTA XƏBƏRDARLIQ ETDİ

Cəmiyyət

05.12.2025 16:29

Güclü yağışlar paytaxt və bölgələrdə yolları su ilə doldurub. Su səviyyəsinin avtomobillərə çatması isə həm sürücülər üçün təhlükə, həm də maşınlara zərər riski yaradır.

Məsələ ilə bağlı avtomobil ustası Nofəl Səmədov TodayPress TV-yə danışarkən sürücülərə vacib xəbərdarlıq edib.


Onun sözlərinə görə, su ilə dolu yollarda ilk və ən böyük risk elektromobil və hibrid avtomobillərdə yaranır.

"Bu cür nəqliyyat vasitələrinin batareya paketləri və elektrik xətləri avtomobilin alt hissəsində yerləşir, buna görə su ilə təmas çox ciddi fəsadlara səbəb ola bilər. Yağışlı havada suyun həddi batareya paketlərinə zərər vurur. Çünki batareya və elektrik xətləri alt hissədə yerləşir. Su qısaqapanma yarada, kirlənməyə səbəb ola və hətta avtomobilin işə düşməsinin qarşısını ala bilər. Su olduğu üçün cərəyanı ötürə bilmir, qısaqapanma baş verir və avtomobil işə düşmür".

Usta əlavə edib ki, daxili yanma mühərrikli avtomobillərdə vəziyyət bir qədər fərqlidir, lakin risk yenə də böyükdür. Bu tip avtomobillərdə əsas problem salonun su alması və mühərrikə suyun daxil olmasıdır:

"Sadə, yəni daxili yanma mühərrikli avtomobillərdə əsas problem salona suyun daxil olmasıdır. Avtomobilin paslanmış və çürümüş hissələrindən su içəri keçə bilər. Bu həm avtomobilin hərəkətini məhdudlaşdırır, həm də iç hissəyə əlavə ziyan vurur. Suyun müəyyən səviyyədən yuxarı qalxması avtomobilin idarəetməsinə də ciddi təsir göstərir. Suyun avtomobillə eyni səviyyəyə çatması əyləc sisteminə mənfi təsir edir. Əyləclər yaxşı tutmur, avtomobil sürüşür və dayanmır".

Nofəl Səmədov vurğulayıb ki, ən təhlükəli hallardan biri mühərrikə suyun daxil olmasıdır:

"Mühərrikə su daxil ola bilər. Aşağıda hava ötürücü var; mühərrikin havası hava qutusundan, bamperin altından götürülür. Su dərin olduqda avtomobil onu özünə çəkərək mühərrikə verə bilər və bu, mühərrikin sıradan çıxmasına səbəb ola bilər".

Mütəxəssis sürücülərə belə vəziyyətlərdə ehtiyatlı olmağı ciddi şəkildə tövsiyə edir və birmənalı şəkildə dərin sularda avtomobilin istifadə edilməməsini, sürülməməsini məsləhət görür.

Türkan İsgəndərli

TodayPress TV

tag: Nofəl Səmədov,Avtomobil ustası,Avtomobillər,Hava,Todaypress.tv,