Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində azərbaycanlı tələbələrin görüşü oldu

Cəmiyyət

22.03.2026 22:30

Vyana şəhərində Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP), Azərbaycan Mədəniyyət Mərkəzinin və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş “Ənənələrin bayramı: Vyanada azərbaycanlı tələbələrin Bahar bayramı” adlı görüş keçirilib.

TodayPress TV xəbər verir ki, tədbirin açılışında ASAP-ın Avstriya nümayəndəliyinin sədri Ənvər Əliyev təşkilatın Avstriyada fəaliyyəti barədə məlumat verib, həmçinin Novruz bayramının Azərbaycan xalqı üçün əhəmiyyətini vurğulayıb.

Daha sonra Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Elgün Niftəliyev çıxış edərək belə tədbirlərin Azərbaycan mədəniyyətinin təbliği baxımından önəmini qeyd edib.

Tədbirin davamında Novruzun tarixi, qədim adət-ənənələri, bayram süfrəsi və milli şirniyyatlar haqqında ətraflı məlumat verilib, həmçinin “Uzundərə” rəqs kompozisiyası nümayiş etdirilib.

Ardınca pianoçu Ayan Məmmədli tərəfindən Azərbaycanın xalq və bəstəkar mahnıları ifa olunub və çıxışlar azərbaycanlı və xarici gənclər tərəfindən böyük maraq və alqışla qarşılanıb.

Musiqi hissəsinin yekununda iştirakçılara Azərbaycan milli şirniyyatları təqdim edilib.

Görüş eyni zamanda iştirakçılar arasında şəbəkələşmə, yeni tanışlıqların yaranmasına və icma ruhunun gücləndirilməsinə töhfə verib.

TodayPress TV

tag: Vyana,ASAP,Novruz ,Görüş,TodayPress TV,