Ukraynanın Krivoy-Roq və Odessa şəhərlərində Novruz bayramı qeyd olundu
Cəmiyyət
22.03.2026 22:15
Müharibə şəraitinə baxmayaraq, Azərbaycanın diaspor təşkilatları Ukraynanın bir sıra şəhərlərində Novruz bayramı ilə bağlı tədbirlər keçirib.
TodayPress TV xəbər verir ki, Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı təşkil olunan tədbirdə şəhər meriyasının rəhbərliyi, şəhər şurasının deputatları, diaspor fəalları, ictimaiyyət nümayəndələri, media təmsilçiləri iştirak ediblər.
Krivoy-Roq şəhərində Azərbaycan diasporunun rəhbəri Kəmaləddin Ağayev bildirib ki, ən çox hava hücumlarına məruz qalan şəhərlərdən biri olan Krivoy-Roqda Novruz bayramının qeyd edilməsi Ukraynada yaşayan soydaşlarımızın birliyinin, dövlətçiliyimizin, milli adət-ənənələrinin xarici ölkələrdə təbliğinin göstəricisidir. Onun sözlərinə görə, digər ölkələrdə olduğu kimi Ukraynada yaşayan soydaşlarımız da Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyini hər zaman hiss edir. Tədbir konsert proqramı ilə davam edib, itirakçılar Novruz bayramının atributları olan paxlava, şəkərburadan dadıblar.

Novruz bayramı Odessa şəhərində də qeyd edilib. “Birlik” Odessa azərbaycanlıları diaspor təşkilatının təşkilatçılığı ilə təşkil olunan tədbirə təşkilatın idarə heyəti üzvləri, yerli qonaqlar və soydaşlarımız qatılıblar.
Tədbirdə "Birlik" Odessa azərbaycanlıları diaspor təşkilatının sədri Cəlil Astanov Azərbaycan-Ukrayna arasında dostluq əlaqələrindən danışıb. Qeyd edib ki, ilk paytaxtımız Gəncə və Odessanın qardaşlaşmış şəhərlər olması qürurverici haldır.
Tədbirin sonunda qonaqlara Azərbaycan milli mətbəxinin ləziz təamlarından ibarət zəngin Novruz süfrəsi təqdim olunub.
Odessada keçirilən bu bayram tədbiri dostluq, birlik, həmrəylik və multikultural dəyərlərin təntənəsi kimi yadda qalıb.
tag: Ukrayna,Odessa,Novruz,Tədbir,TodayPress TV,
