Taksi sürücülərinə SƏRT QAYDALAR: "Əyləncə dövrü" bitir

Cəmiyyət

18.11.2025 19:30

Azərbaycanda xüsusi hazırlıq keçmiş 1600-dən çox taksi sürücüsü imtahan verəcək. 

Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov TodayPress TV-yə açıqlamasında bu prosesin taksi xidmətində keyfiyyətə ciddi təsir göstərəcəyini bildirib.


Onun sözlərinə görə, taksi sürücülüyü sıradan bir fəaliyyət deyil, peşədir və peşə olduğu üçün həm xüsusi kursların, həm də imtahanların tətbiqi tamamilə zəruridir:

"İmtahan mexanizmi taksi fəaliyyətinə müsbət təsir edib. Artıq taksidə yalnız məsuliyyətli, bacarıqlı və təcrübəsi olan şəxslər işləyə bilir. Əvvəllər vəziyyət bir qədər qarışıq idi, istənilən adam taksi fəaliyyəti ilə məşğul olurdu, hətta bunu sadəcə əyləncə kimi edənlər də vardı. İndi isə qaydalar ciddi şəkildə tətbiq olunur. Taksi sürmək istəyən şəxs müəyyən tələblərə əməl etməli, bilik və bacarığını sübut etməlidir".

Ekspert əlavə edib ki, kursların təşkili və imtahanların keçirilməsi nəticəsində taksi fəaliyyəti həm daha keyfiyyətli, həm də daha təhlükəsiz olub.

Qeyd edək ki, imtahanda iştirak etmək üçün 1680 nəfər qeydiyyatdan keçib.

İmtahan 1 saat davam edir. İştirakçılar imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar.

Türkan İsgəndərli

 TodayPress TV

tag: Taksi,İmtahan,Sürücü,DİM,Todaypress.tv,