Süni endirimlər, şişirdilmiş qiymətlər: "Qara Cümə" nədir?
Cəmiyyət
28.11.2025 13:14
""Qara Cümə"nin (Black Friday) fəlsəfəsi sadəcə yüksək endirimlərdən ibarət deyil, stokların təmizlənməsi və yeni mövsümə hazırlıq məqsədi daşıyan klassik marketinq addımıdır".
Bunu TodayPress TV-yə açıqlamasında marketoloq Müşviq İskəndərov deyib.

Onun sözlərinə görə, “Qara Cümə” fenomeni ABŞ-də ilin son ayında mağazaların passiv və yığılıb qalmış məhsullarını sürətlə satışa çıxarmaq məqsədilə formalaşıb. Daha sonra böyük satış həcmləri əldə edildiyi üçün bu praktika qlobal trenda çevrilib:
"Əvvəllər yalnız noyabrın sonuncu cüməsində keçirilən "Qara Cümə", artıq həmin gündən əvvəlki və sonrakı günlərə də yayılıb. Bu, qlobal ticarət sisteminin dəyişməsi ilə əlaqədardır. Yüksək faizli endirimlər bütün məhsullara aid edilmir. Bu, daha çox markanın həmin məhsuldan əldə etdiyi marj dəyərilə bağlıdır. Əgər bir marka 70% endirim edirsə, deməli həmin məhsulun marj dəyəri 300%-ə qədər ola bilər. Yaxud stokda çox qalmış məhsullar 70%-lik endirimlə təklif olunur və bu, normal kommersiya təcrübəsidir".
Ekspert əlavə edib ki, belə endirim kampaniyalarında sui-istifadə hallarına da rast gəlinir. Bəzi satıcılar əvvəlcə məhsulların qiymətini süni şəkildə 70-80% artırır, sonra isə həmin qədər “endirim” etdiklərini göstərirlər:
"Bu, müasir marketinqin prinsiplərinə tam ziddir. Çünki əsas məqsəd satışdan sonrakı loyallığı qorumaqdır. Bir dəfə müştərini aldadan ticarət nöqtəsi onu yenidən qazana bilmir".
Marketoloq vurğulayıb ki, real endirim edən, şəffaf şəkildə fəaliyyət göstərən şirkətlər uzunmüddətli müştəri bazası yaradır. Süni endirim manipulyasiyaları isə markaların imicinə və gələcək satışlarına ciddi zərər vurur.
Müşviq İskəndərov vətəndaşları “Qara Cümə” kampaniyalarında diqqətli olmağa çağırıb və xatırladıb ki, müştəri loyallığının qorunması müasir marketinqin əsas prioritetlərindən biridir.
Qeyd edək ki, "Qara Cümə" noyabr ayının sonuncu cümə günü keçirilir və Milad alış-veriş mövsümünün başlanğıcını qeyd edən, böyük endirimlərin olduğu bir gündür. Bu termin, 1950-ci illərdən bəri mövcuddur və Filadelfiyada polis tərəfindən tıxaclara və izdihamlara görə "qara cümə" adlandırılıb.
Türkan İsgəndərli
tag: Müşviq İskəndərov,Marketoloq,Qara cümə,Endirim,Todaypress.tv,
