Şəhəri elə tikmək lazımdır ki, zəlzələ olanda… — Nazir müavini nələrə toxundu?

Cəmiyyət

15.05.2026 12:02

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi müasir şəhərsalma prinsiplərinin tətbiqinə, habelə təhlükəsiz və dayanıqlı urbanizasiya modelinin formalaşmasına verilən yüksək dövlət dəstəyinin nümunəsidir”.

TodayPress TV xəbər verir ki, bunu AR Fövqəladə Hallar nazirinin müavini Cəbrayıl Xanlarov “Şəhərsalmada seysmik təhlükənin və riskin qiymətləndirilməsində yeni yanaşmalar” mövzusunda tədbirdə deyib.

O bildirib ki, bu gün sürətlə inkişaf edən şəhərlər qarşısında duran əsas çağırışlardan biri də təhlükəsizlik məsələsidir:

“Urbanizasiya prosesinin genişlənməsi, çoxmərtəbəli tikililərin sayının artması, yeni yaşayış massivlərinin salınması və infrastruktur layihələrinin icrası şəhərsalma siyasətində seysmik risklərin daha dərindən öyrənilməsini və nəzərə alınmasını zəruri edir. Azərbaycanın seysmik aktiv regionda yerləşməsi reallığı bizi bina və qurğuların təhlükəsizliyinə, inşaat və istismar proseslərinə, bütövlükdə tikinti və şəhərsalma fəaliyyətinə xüsusi məsuliyyətlə yanaşmağa məcbur edir. Müasir şəhər yalnız estetik baxımdan deyil, həm də təhlükəsizlik, dayanıqlıq və fövqəladə hallara hazırlıq baxımından yüksək standartlara cavab verməlidir”.

Nazir müavininin sözlərinə görə, seysmik təhlükənin qiymətləndirilməsi artıq yalnız elmi tədqiqat sahəsi deyil, eyni zamanda dövlət təhlükəsizliyi, iqtisadi inkişaf və əhalinin rifahı ilə birbaşa bağlı olan strateji məsələdir:

“Məlum məsələdir ki, şəhərsalma proseslərində risklərin, o cümlədən seysmik risklərin düzgün qiymətləndirilməsi və effektiv idarə olunması baş verə biləcek fəlakətlərin qarşısının alınmasında böyük rol oynayır. Bu istiqamətdə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, innovativ yanaşmaların və beynəlxalq standartların tətbiqi, tikinti obyektlərinin optimal konstruktiv həllər vasitəsilə seysmik dayanıqlığının artırılması və elmi əsaslandırılmış qərarların qəbul edilməsi xüsusi əhəmiyyət daşıyır. Seysmik təhlükə və seysmik risk anlayışları ölkə hüdudlarını aşan və geniş coğrafi bölgələri əhatə edən bir məfhum olduğundan, seysmik risklərin idarə olunmasında region ölkələri arasında qarşılıqlı informasiya mübadiləsi mexanizminin təsis edilməsini olduqca önəmli hesab edirik”.

Qiymət Mahir

TodayPress TV

tag: Cəbrayıl Xanlarov,FHN,YAP,Şəhərsalma və Memarlıq İli,Todaypress.tv,