Qanını Türkiyədə, canını Azərbaycanda qurban edən - Fövqəladənin tanınmayan qəhrəmanları

Cəmiyyət

12.05.2026 12:47

Son dövrlər ölkədə baş verən yanğınlar, normadan artıq yağan yağışlar, sel və digər təhlükəli hadisələr bir daha göstərir ki, belə anlarda insanların köməyinə ilk çatanlardan biri FHN əməkdaşları olur.


Gecənin qaranlığında, alovun içində, selin ortasında, təhlükənin ən yaxın nöqtəsində onlar çalışırlar. İnsanlar kömək gözləyəndə, FHN əməkdaşları heç tərəddüd etmədən təhlükənin içinə girirlər.

Yanğınlar, partlayışlar, qəzalar, daşqınlar, uçqunlar, bütün bu hadisələr zamanı onlar böyük risk və ağır şəkildə fəaliyyət göstərirlər. Bəzən saatlarla alovla mübarizə aparır, bəzən yağışın, küləyin soyuğun altında insanların həyatını xilas etmək üçün gecə-gündüz çalışırlar. Bu peşə sadəcə iş deyil, bu cəsarət, fədakarlıq və insan həyatı uğrunda mübarizədir. Çünki hər kəs təhlükədən uzaqlaşanda onlar təhlükəyə doğru gedirlər. FHN əməkdaşlarının gördüyü iş çox vaxt xəbərin bir neçə sətrinə sığır, amma həmin sətirlərin arxasında böyük zəhmət, təhlükə və xilas edilən saysız həyat dayanır... 


Bu fədakarlıq təkcə ölkə sərhədləri ilə də məhdudlaşmır. Qonşu və qardaş ölkələrdə baş verən meşə yanğınları, dağıdıcı zəlzələlər və digər fəlakətlər zamanı da FHN əməkdaşlarını ön sıralarda görürük. Onlar doğma vətəndən uzaqda, çətin relyef və tanımadıqları şəraitdə belə eyni canfəşanlıqla alovun içinə atılır, insanları dağıntılar altından xilas edirlər.

Bu beynəlxalq missiyalar zamanı nümayiş etdirilən peşəkarlıq, Azərbaycan xilasedicisinin təkcə texniki hazırlığını deyil, həm də humanist dəyərlərə nə qədər sadiq olduğunu göstərir. İstər ölkə daxilində, istərsə də sərhədlərimizdən kənarda,  harada bir imdad səsi varsa, onlar oradadırlar.

Hər xilas edilən can, hər söndürülən alov bu peşə sahiblərinin vicdan borcuna olan sadiqliyinin sübutudur. Onlar fəlakətin sərhəd tanımadığını bildikləri kimi, yardımlaşmağın və insanlığı qorumağın da sərhədsiz olduğunu hər gün öz əməlləri ilə nümayiş etdirib və etdirəcəklər...

Emin Məmməd

(Əsas foto: Xəyal Vəlizadə, Qafqazinfo) 

tag: FHN,Əməkdaşlar,Yanğın,Yağış,Todaypress.tv,