Qadınların pensiya yaşı 65-ə qalxır, tək yaşayanlar isə… ŞAD XƏBƏR

Qadınların pensiya yaşı 65-ə qalxır, tək yaşayanlar isə… — ŞAD XƏBƏR
23.06.2026 16:20 Cəmiyyət

Azərbaycanda qadınların pensiya yaşı və pensiya sistemində tətbiq olunan meyarlarla bağlı müzakirələr yenidən aktuallaşıb. Qadınların pensiya yaşının 65-ə çatdırılması və tək yaşayan qadınlar üçün güzəştli pensiya hüququnun tətbiqi ilə bağlı səslənən təkliflər bu mövzunu daha da gündəmə gətirib. 

Mövzu ilə bağlı TodayPress TV-yə açıqlama verən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir (Abdullayeva) bildirib ki, Azərbaycanda 2006-cı ildən etibarən yeni sığorta-pensiya sistemi tətbiq olunur. “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minməsi ilə sosial sığorta və sosial yardım sistemləri bir-birindən ayrılıb. Nəticədə formal əmək fəaliyyəti ilə məşğul olmayan, əmək münasibətlərini rəsmiləşdirməyən, kifayət qədər sığorta stajı və pensiya kapitalı toplamayan şəxslər əmək pensiyası hüququ əldə etmirlər. Belə şəxslər yalnız müəyyən yaş həddinə çatdıqdan sonra yaşa görə sosial müavinət ala bilirlər. R.Sabir onu da vurğulayıb ki, mövcud qanunvericilikdə pensiya kapitalı ilə bağlı müəyyən güzəştlər mövcuddur.


Professor qeyd edib ki, yaşa görə sosial müavinətin məbləği əmək pensiyası ilə müqayisədə xeyli aşağıdır. Belə ki, 2025-ci ilin əvvəlinə olan statistik məlumatlara əsasən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 530 manat olduğu halda, yaşa görə sosial müavinətin məbləği 220 manat təşkil edib.

R.Sabir vurğulayıb ki, qüvvədə olan qanunvericilikdə qadınlarla bağlı müəyyən güzəştlər nəzərdə tutulub. Bunlara çoxuşaqlı analar üçün daha erkən pensiyaya çıxmaq hüququ, uşağa qulluq müddətinin əmək stajına daxil edilməsi və digər sosial təminat mexanizmləri daxildir.

Ekspertin sözlərinə görə, mövcud pensiya sistemində əsas meyar yalnız yaş deyil, həm də sosial sığorta stajı və pensiya kapitalıdır. O bildirib ki, tək yaşayan qadınlarla bağlı əlavə güzəştlərin tətbiqi üçün qanunvericiliyə dəyişiklik edilməsi zəruridir.

Professor hesab edir ki, humanizm və sosial ədalət prinsipləri baxımından aztəminatlı, tənha və sosial müdafiəyə daha çox ehtiyacı olan qadınlar üçün əlavə güzəştlərin tətbiqi həmin şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edər.

Xanım Musayeva

XƏBƏR LENTİ
23 IYUN 2026
Bütün Xəbərlər