Nikah sənədlərində “ər” - “arvad” sözləri dəyişdirilir?

Cəmiyyət

26.01.2026 13:53

Polşa hökuməti nikah şəhadətnamələrində “ər” və “arvad” terminlərini “birinci həyat yoldaşı” və “ikinci həyat yoldaşı” ilə əvəz etməyi planlaşdırır. 

TodayPress TV xəbər verir ki, bu dəyişikliklər Avropa İttifaqı Məhkəməsinin qərarından sonra gündəmə gəlib və Aİ-də bağlanmış eynicinsli nikahların tanınması ilə əlaqələndirilir.

Bəs Azərbaycan qanunvericiliyinə əsasən nikah sənədlərində "ər" və "arvad" terminlərinin çıxarılaraq cinsi neytral ifadələrlə əvəz edilməsi hüquqi baxımdan mümkündür?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan vəkil İntiqam Hacıyev bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyi dünyada, xüsusilə Avropa İttifaqında baş verən sosial-iqtisadi, eləcə də hüquqi yeniliklərlə əlaqədar hər zaman inkişaf edərək müasir standratlara inteqrasiya edir.


Lakin bəzi hallarda bu yeniliklərin milli qanunvericiliyə daxil edilməsi mümkün olmur:

"Azərbaycan Respublikasının qanunvericiliyində “ər” və “arvad” anlayışları lazımi şəkildə “kişi” və “qadın” cinsləri əsasında istifadə olunub. Polşada terminlərin “birinci həyat yoldaşı” və “ikinci həyat yoldaşı” anlayışları ilə əvəz edilməsi əvvəlki dövrlərdə eynicinsli nikahlara yol verilməsi ilə bağlıdır. Lakin Azərbaycan Respublikasının qanunvericiliyində bu sahədə hər hansı dəyişikliyin edilməsi Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə uyğun gəlmədiyindən məqsədəuyğun hesab edilmir".

İntiqam Hacıyev qeyd edib ki, hər bir hüququn, o cümlədən ölkələrdə hüququn təbii mənbələrindən biri adətlərdir. Adət hüququ isə, açıq şəkildə, Azərbaycanın milli və mənəvi dəyərlərinə zidd olan hər hansı qanunvericilik aktının qəbulunu əngəlləyir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Polşa,Ər,Arvad,Nikah,Todaypress.tv,