Müğənnilərin dövrü sona çatır? - Həmin mahnılar təəccübləndirdi
Cəmiyyət
04.12.2025 14:06
Son vaxtlar “TikTok”da süni intellekt tərəfindən yaradılan ifalar populyarlaşmağa başlayıb. Bir çox istifadəçi hətta bu cür səs modellərinin bəzi müğənnilərdən daha maraqlı və dəqiq səsləndiyini iddia edirlər.
Bəs süni intellekt musiqi sənətində insan faktorunu nə dərəcədə əvəz edə bilər və gələcəkdə müğənnilərin işi hansı istiqamətə dəyişəcək?
Mövzu ilə bağlı TodayPress TV-yə danışan informasiya texnologiyaları üzrə mütəxəssis Əmrah Mövsümzadə bildirib ki, süni intellekt (AI) artıq yalnız mətn və şəkil yaratmaqla kifayətlənmir.

Səs tonunu, nəfəs almanı, vibratoru və emosional keçidləri də çox uğurla təqlid edə bilir. Bu da izləyicilərə insandan daha təmiz və daha stabil ifa təsiri yaradır:
"Son günlər "TikTok"da süni intellektlə yaradılan mahnıların populyarlaşması əslində gözlənilən proses idi. AI musiqi sənayesini sıradan çıxartmır, onu yenidən formalaşdırır. Yəni gələcəkdə müğənnilərin işi bitməyəcək, sadəcə rolu dəyişəcək. Sənətçilər artıq tək səs ifaçısı deyil, öz brendinin, obrazının, hekayəsinin yaradıcısı olmalıdır. Çünki dinləyici AI səsini qəbul etsə də, onun arxasında real insanın şəxsiyyətini, həyat yolunu, emosional tarixçəsini görmək istəyir. Həmin dəyər isə süni intellektlə əvəz edilə bilməz".
Ekspert əlavə edib ki, bütün bunlara baxmayaraq, AI heç vaxt insan duyğusunu tam mənada hiss etdirə bilməz:
"O, emosiyanı yalnız riyazi model kimi simulyasiya edir. Ton yüksələndə hansı hiss yaranır, ritm dəyişəndə hansı effekt alınır, bunları statistik olaraq hesablayır. Amma insanın yaşadığı həyat travmalar, sevinc, itkilər və ya şəxsi təcrübələrdən yaranan, o içdən gələn enerji yalnız insana məxsusdur. Dinləyici də uzun müddət AI musiqisi ilə real ifanın fərqini hiss etməyə davam edəcək".
Əmrah Mövsumzadə qeyd edib ki, süni intellekt musiqidə yeni imkanlar açır, amma insan faktorunu yox etmir. Onun sözlərinə görə, ifaçılar daha yaradıcı, daha fərqli, daha fərdi yanaşmaya üstünlük verməklə özlərini qoruyub daha da gücləndirə bilərlər. AI isə sadəcə bir alətdir, sənəti yaradan yenə də insanın özüdür.
Türkan İsgəndərli
tag: Əmrah Mövsümzadə,Mütəxəssis,Müğənni,Süni İntellekt,Todaypress.tv,
