“Mavi Balina” yenə can aldı: Kim dur deyəcək?

Cəmiyyət

04.12.2025 17:14

Son günlər uşaqları intihara sürükləyən “Mavi Balina” oyunu yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə bəzi istifadəçilərin uşaqları manipulyasiya edən tapşırıqlar verdiyi, şantaj yolu ilə təhlükəli davranışlara məcbur etdiyi barədə məlumatlar yayılır.

Mövzu ilə bağlı Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri Elvin Abbasov TodayPress TV-yə açıqlama verib. 


Onun sözlərinə görə, insanlar “Mavi Balina”nı hələ də konkret bir oyun kimi axtarsalar da, əslində bu, artıq müəyyən kateqoriyanı ifadə edir:

"Cəmiyyət bunu səhv anlayır və internetdə ölümə aparan "Mavi Balina" adlı bir oyun axtarırlar. Əslində bu tip oyunlar müxtəlif missiyalar verərək insanları təhlükəli məqamlara sürükləyən kateqoriyaya çevrilib. Artıq müxtəlif adlar altında "Mavi Balina"ya bənzər oyunlar fəaliyyət göstərir. bəzi tətbiqləri kənar mənbələrdən mobil cihazlara yükləmək mümkündür və onların istifadə olunması üçün mütləq şəkildə “App Store” və ya “Play Market”də mövcud olması şərt deyil".

Ekspert bildirib ki, təkcə oyunlar deyil, sosial şəbəkələrdəki bəzi şəxslər də eyni manipulyasiya üsullarından istifadə edir:

"Bəzi insanlar saxta profillərlə uşaqlara kiçik tapşırıqlar verərək şəkil istəyirlər. Daha sonra açıq şəkildə olan həmin fotolardan şantaj vasitəsi kimi istifadə edib daha təhlükəli missiyalar verirlər. Bu proses təkcə oyunlarla məhdudlaşmır, sosial şəbəkələrdə də aktiv şəkildə həyata keçirilir. Bu fəaliyyətlər əslində qadağandır və hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Lakin problem ondadır ki, onlar özlərini "Mavi Balina" adı ilə təqdim etmirlər. Oyun kimi görünür, amma tərkibində təhlükəli motivlər olur və insanlar oynadıqca şikayət edirlər. Araşdırmalar zamanı məlum olur ki, bu, "Mavi Balina"nın fərqli adda davam edən versiyalarıdır".


Elvin Abbasov valideynləri daha diqqətli olmağa çağırıb və uşaqların onlayn fəaliyyətinə nəzarətin artırılmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, paytaxtın Binəqədi rayonunda bir mənzildə özünü asan 13 yaşlı yeniyetmənin mobil telefonunda bu oyun aşkarlanıb. Bildirilir ki, onun oyundan aldığı sonuncu mesaj “Bu gün son günündür” olub. 

Türkan İsgəndərli

TodayPress TV

tag: Elvin Abbasov,Ekspert,Mavi Balina,Oyun,Todaypress.tv,