Kart işləmirsə, vətəndaşdan niyə vəsait çıxılır?

Cəmiyyət

14.11.2025 16:15

Sosial şəbəkələrdə sürət qatarlarından istifadə edən vətəndaşlar arasında kart ödənişləri ilə bağlı narazılıqlar artır. İddialara görə, keçiddə “kart işləmir” xəbərdarlığı verilsə də, növbəti gün həmin kartdan ikiqat vəsait çıxıldığı görünür.

Bəs pul tutulması hansı hallarda baş verə bilər? Bu, bankın günahıdır, yoxsa ADY-nin?

Məsələ ilə bağlı bank sahəsi üzrə ekspert Əkrəm Həsənov TodayPress TV-yə bildirib ki, əgər vətəndaşın dediyi kimi, keçiddə kart ümumiyyətlə işləməyibsə, ondan vəsait çıxılması texniki olaraq mümkün deyil:


"Çıxılıbsa, bu artıq sistem problemidir və vətəndaş pulu geri tələb etməlidir. Burada günahın kimdə olmasını detallar alınmadan dəqiq demək mümkün deyil. Ola bilər ki, ADY-nin keçid sistemində gecikmə olub və ödəniş sonradan düşüb. Eyni hal bank tərəfdən də baş verə bilər. Amma nəticədən asılı olmayaraq, vətəndaş hüquqludur və pulla bağlı şikayət verməlidir".

Ekspertin sözlərinə görə, zərərçəkən həm ADY-yə, həm də öz bankına rəsmi qaydada müraciət etməlidir:

"Bank ödənişin iki dəfə çıxılıb-çıxılmadığını  sistemdən yoxlayır və artıq tutulan məbləği geri qaytarır. ADY tərəfi də keçid sisteminin loglarını təqdim etməyə borcludur. Vətəndaş mütləq yazılı müraciət etsin ki, proses rəsmiləşsin", - deyə Əkrəm Həsənov fikrini yekunlaşdırıb.

Türkan İsgəndərli

tag: ADY,Nəqliyyat,Kart,Problem,Todaypress.tv,