İntensiv yağışlar sistemi iflic etdi: Drenaj sistemi niyə işləmir?
Cəmiyyət
05.12.2025 17:26
Son günlər yağan intensiv yağış Bakının bəzi ərazilərində suyun toplanmasına səbəb olub. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti bildirib ki, drenaj sistemlərinin olmadığı ərazilərdə yağış suları tullantı su xətlərinə yönləndirilir. Bu isə kanalizasiya şəbəkələrində yüklənmə yaradır və daşmalar baş verir. Bəzi məhəllələrdə isə ümumiyyətlə drenaj infrastrukturu mövcud deyil.
Bəs sistem necə qurulmalıdır ki, belə problem yaşanmasın?
Mövzu ilə bağlı TodayPress TV-yə münasibət bildirən memar Elçin Əliyev hesab edir ki, problemin kökündə düzgün layihələndirmənin olmaması dayanır.
:1200.jpg)
Onun sözlərinə görə, şəhərlərdə yağış sularının idarə olunması ayrıca mühəndislik sistemi kimi planlaşdırılmalıdır və bu, küçə səviyyəsinin dizaynından tutmuş, boru diametrlərinə və kollektorların gücünə qədər hər mərhələdə texniki yanaşma tələb edir.
"Mühəndislik və texniki sahələrdə kadr çatışmazlığı da bu kimi problemlərin yaranmasında rol oynayır. Bu ixtisaslarda kişilər üstünlük təşkil etsə də, qadınların iştirakı olduqca aşağıdır. Bu o demək deyil ki, qadınlar bu işi bacarmırlar. Əksinə, bir çox elmi araşdırmalar göstərir ki, qadınların diqqəti və detallara həssaslığı mühəndislik sahəsində böyük üstünlük yaradır. Son dövrlər "Women in Tech" kimi təşəbbüslər bu sahəyə marağı artırmağa çalışır."
Memar əlavə edib ki, onların təşkilatı 2025-ci ildə mühəndislik və texniki ixtisaslarda qadınların sayını üç dəfə artırmağı hədəfləyir. Bu həm gender bərabərliyinin təmininə, həm də ölkənin texniki potensialının güclənməsinə xidmət edəcək:
"Texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə ixtisaslı mühəndislərin hazırlanması strateji əhəmiyyət daşıyır. Təhsil proqramları, təlimlər, mentorluq layihələri genişləndirilməlidir. Biz də bu istiqamətdə ciddi işlər görməyi planlaşdırırıq".
Elçin Əliyev qeyd edib ki, daha peşəkar kadrların hazırlanması, xüsusən də qadın mühəndislərin bu sahəyə cəlb edilməsi gələcəkdə belə problemlərin – yağış sularının yığılması, drenaj sistemlərinin çatışmazlığı və kanalizasiya xətlərinin yüklənməsi kimi məsələlərin qarşısının alınmasına mühüm töhfə verəcək.
Türkan İsgəndərli
tag: Elçin Əliyev,Memar,Drenaj,Yağış,Todaypress.tv,
