Havalar kəskin dəyişəcək - Ekoloqdan XƏBƏRDARLIQ
Cəmiyyət
28.11.2025 16:37
Payız fəsli ölkəmizə daxil olsa da, Azərbaycanda müşahidə edilən sakit və nisbətən isti hava insanlarda suallar doğurur.
Bəs havaların mülayim keçməsinə səbəb nədir?
Mövzu ilə bağlı TodayPress TV-yə açıqlama verən ekoloq Sadiq Həsənov bildirib ki, temperaturun anomallığı Günəş səthində baş verən güclü partlayışlar nəticəsində yaranan alov sıçrayışları ilə bağlıdır.

Onun sözlərinə görə, bu proseslər həm iqlimə, həm də insanların səhhətinə ciddi təsir göstərir:
"Günəş səthindəki partlayışlar və püskürmələr günəş sistemindəki maqnit sahələrinə təsir edərək tac kütləsinin sıçrayışla atılmasına səbəb olur. Həddindən artıq günəş aktivliyi Yerətrafı məkanda ionların tərkibini dəyişdirir və nəticədə geomaqnit fırtınaları yaranır".
Mütəxəssis əlavə edib ki, geomaqnit fırtınaları meteohəssas insanlarda baş ağrısı, başgicəllənmə, ürəkbulanma, təzyiqin yüksəlməsi, yuxusuzluq kimi şikayətlərə səbəb ola bilər. Xroniki xəstələrdə isə vəziyyəti daha da ağırlaşdıra bilir.
Ekoloq yaxın günlərdə ölkə ərazisində havanın dəyişəcəyini qeyd edib:
"Şimal-qərb istiqamətindən daxil olan soyuq hava kütlələrinin təsiri ilə həftə sonundan etibarən Bakıda və regionlarda temperatur 5-10°C aşağı düşəcək. Bir neçə gün fasilələrlə yağıntı müşahidə ediləcək. Noyabr boyunca temperaturun enməsi davam edəcək. Minimum temperatur Kiçik və Böyük Qafqazın yüksək dağlıq ərazilərində qeydə alınacaq", - deyə Sadiq Həsənov bildirib.
Türkan İsgəndərli
tag: Sadiq Həsənov,Ekoloq,Hava,Xəbərdarlıq,Todaypress.tv,
