Gübrə İstehsalçıları Assosiasiyası qida təhlükəsizliyi kampaniyasına qoşuldu
Cəmiyyət
18.11.2025 15:22
Azərbaycan Gübrə İstehsalçıları və İdxalatçıları Assosiasiyası “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” kampaniyasına qoşuldu
TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında Məşvərət Şurası “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” çağırış kampaniyasını davam etdirir. Aksiyaya növbəti qoşulan qurum Azərbaycan Gübrə İstehsalçıları və İdxalatçıları Assosiasiyası olub.
Yayımlanan son videoçarxda Şuranın üzvü Mehmet Manavoğlu əkinçilik və bağçılıqda pestisid və gübrələrin düzgün seçilməsinin vacibliyini vurğulayır. O bildirib ki, nəzarətsiz və qeydiyyatsız tətbiq olunan pestisid və gübrələr yalnız torpağa deyil, həm də suya, havaya və nəticə etibarilə insanın gündəlik qidasına ciddi zərər vurur.
Manavoğlu qeyd edib ki, mənşəyi məlum olmayan preparatlar görünməz, lakin real təhlükə yaradır. Yalnız qeydiyyatdan keçmiş, keyfiyyəti təsdiqlənmiş məhsullardan istifadə olunması ətraf mühitin qorunmasına və sağlam gələcəyin təmin olunmasına xidmət edir.
Kampaniya çərçivəsində bir daha vurğulanıb: “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir. Gəlin, təhlükəsiz qida ilə sağlam gələcəyə birlikdə addımlayaq.”
