Distant iş qanuniləşir: Maaş necə tənzimlənəcək?

Cəmiyyət

05.12.2025 16:16

Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərlə artıq məsafədən işləmək (distant iş) qanuniləşir. 

Bəs hansı işlər məsafədən icra oluna bilər və belə hallarda əmək münasibətləri qanunla necə tənzimlənməlidir?

İnsan resursları üzrə mütəxəssis Sevda Quliyeva TodayPress TV-yə bildirib ki, bu yeni normativ hüquqi baza uzaqdan işləyə biləcək vəzifələri dəqiqləşdirir və əmək haqqının hesablanma qaydasını müəyyən edir:


"Distant işə uyğun sahələr əsasən IT və proqramlaşdırma, dizayn, qrafik dizayn və vizual sənət, maliyyə və mühasibatlıq, marketinq və sosial media menecmenti, tərcüməçilik və mətn redaktəsi, müştəri xidmətləri və satış xidmətləridir. Distant işçilərin əmək haqqı ofisdə işləyən əməkdaşlarla eyni qaydada hesablanmalıdır. İş işəmuzd və ya vaxtamuzd əsasda, əmək müqaviləsində iş saatı göstərilməlidir. Əlavə olaraq tapşırıqlara əsasən əmək haqqı da müəyyən edilə bilər. Əlavə texniki avadanlıqların təminatı da mütləqdir. İşin nəticəsi və keyfiyyəti dəyişmədiyi üçün distant işçilərin hüquqları ofisdə çalışan əməkdaşlarla eyni səviyyədə qorunmalıdır".

Ekspert əlavə edib ki, distant işçilərin əmək müqavilələri və əmək haqqı ofisdə çalışan əməkdaşlara tətbiq olunan qaydalara uyğun tənzimlənməlidir:

"İşin nəticəsi və effektivliyini ölçmək üçün KPI bonus (əsas performans göstəriciləri bonusu) sistemi tətbiq olunmalıdır. Beləliklə, əməkdaşların işin effektivliyi və nəticəsi ölçülə bilər və onlara minimum əmək haqqından aşağı olmayan ödəniş verilir. Əlavə olaraq tapşırıqların nəticəsinə əsasən bonus sistemi də tətbiq edilə bilər".

Sevda Quliyevanın fikrincə, bu dəyişikliklər uzaqdan işləyən əməkdaşların hüquqlarını qoruyur, həmçinin işin şəffaf və effektiv aparılmasına şərait yaradır.

Türkan İsgəndərli

TodayPress TV

tag: Sevda Quliyeva,Mütəxəssis,Distant iş,Maaş,Todaypress.tv,