Diş müalicəsində gizli TƏHLÜKƏ: Pasiyentlər Hepatit və HİV riski ilə üz-üzə

Cəmiyyət

17.11.2025 16:00

Araşdırmalar dünyada diş ağardıcı məhsulların geniş yayıldığını üzə çıxarıb. Bu gellərin bəziləri qanuni həddən 500 dəfə çox hidrogen peroksid tərkibli olub və diş ətində yanıqlara, dişlərin zədələnməsinə səbəb olur.

Bununla yanaşı stomatoloji müdaxilələr zamanı isə ən həssas məsələlərdən biri sterilizasiya və gigiyenaya düzgün riayət olunmasıdır, çünki pasiyentlərin infeksion xəstəliklərə yoluxma riski digər tibbi sahələrlə müqayisədə daha yüksək ola bilər.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan Amerika Stomatoloji Assosiasiyasının üzvü, həkim Fərid Zeynalov bildirib ki, stomatoloqa müraciət etmək sağlamlığın qorunmasının vacib hissəsidir, lakin bəzi hallarda pasiyentlər müayinə və müalicə zamanı yoluxma riski ilə qarşı-qarşıya qala bilirlər:


"Stomatoloji müdaxilələr zamanı əsasən "Hepatit B*, "Hepatit C", "HİV", müxtəlif bakterial infeksiyalar, bəzi zöhrəvi xəstəliklər və virus mənşəli tənəffüs xəstəliklərinə yoluxma ehtimalı mövcuddur. Bu səbəbdən stomatoloji klinikalarda aseptika və kliniki gigiyena qaydalarına ciddi əməl olunması mütləqdir".

Stomatoloqun sözlərinə görə, həm həkim, həm də orta tibbi personal xüsusi qorunma vasitələrindən istifadə etməlidir.

O əlavə edib ki, stomatoloji alətlər mütləq avtoklavda sterilizasiya olunmalı və ya birdəfəlik dezinfeksiyaedici vasitələrlə işlənməlidir:

"Səthlər, mebel və təmas nöqtələri mütəmadi olaraq dezinfeksiya edilməli, bütün prosedurlar xüsusi protokollara uyğun aparılmalıdır. Personal mütləq birdəfəlik əlcək, maska, qoruyucu eynək və xalatdan istifadə etməlidir. Kabinetlər müayinələr arasında havalandırılmalı və dezinfeksiya olunmalıdır".

Həkim vurğulayıb ki, klinika əməkdaşları mütəmadi tibbi müayinədən keçməli və sağlamlıqlarını təsdiq edən sənədlərə malik olmalıdırlar. Birdəfəlik materiallardan istifadə isə məcburidir.

Fərid Zeynalov qeyd edib ki, pasiyent özü də bəzi sadə tədbirlərə əməl etməklə yoluxma riskini minimuma endirə bilər:

"Klinikanı diqqətlə seçmək, lisenziyası və sanitar normalara uyğunluğu barədə məlumat almaq, alətlərin steril paketdən pasiyentin qarşısında açıldığından əmin olmaq, müayinədən əvvəl və sonra əl gigiyenasına riayət etmək, prosedurdan sonrakı tövsiyələrə ciddi əməl etməklə yoluxma və digər fəsadların qarşısını almaq olar. Bütün gigiyena və dezinfeksiya standartları gözlənildiyi halda stomatoloji xidmətlər pasiyentlər üçün tam təhlükəsizdir", - deyə o, fikrini tamamlayıb.

Türkan İsgəndərli

tag: Diş,Xəstəlik,Həkimə,Sağlamlıq,Todaypress.tv,