Cəfər Cabbarlının heykəli təmir ediləcək? - NAZİRLİKDƏN RƏSMİ AÇIQLAMA

Cəmiyyət

18.11.2025 19:46

“Azərbaycanfilm” kinostudiyasının həyətində yerləşən dahi dramaturq Cəfər Cabbarlının heykəli yararsız vəziyyətdədir.

Heykəltəraş Kamal Ələkbərovun müəllifi olduğu əsər vaxt keçdikcə zədələnib və diqqət tələb edir.

Məlumata görə, kinostudiyanın əvvəlki rəhbərliyi heykəlin bərpası üçün mütəxəssis cəlb edib və smetasını aidiyyəti orqana təqdim edib. Lakin studiya təsərrüfat hesablı olduğundan bərpa üçün vəsait ayrılmayıb və işlər dayanıb.

Mövzu ilə bağlı Mədəniyyət Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri Türkan Cəfərova TodayPress TV-yə bildirib ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası üzrə aparılan yenidənqurma prosesi sadəcə tikinti-təmir işi deyil, uzunmüddətli strateji inkişaf modelidir.

Burada məqsəd köhnəlmiş infrastrukturun bərpası ilə yanaşı, studiyanın istehsal imkanlarını müasir kino sənayesinin tələblərinə cavab verən səviyyəyə yüksəltməkdir:

"Hazırda layihələndirmə mərhələsi üzrə texniki-iqtisadi əsaslandırmalar, ərazi planlaması və funksional zonaların bölünməsi üzərində iş aparılır. Bu mərhələdə həm mövcud binaların konstruktiv vəziyyəti qiymətləndirilir, həm də gələcək istehsal sahələrinin - pavilyonların, post-prodakşn mərkəzinin, montaj və səs studiyalarının, rəqəmsal laboratoriyaların və açıq çəkiliş məkanlarının yerləşməsi dəqiqləşdirilir. Məqsəd studiyanın bir vahid istehsal ekosisteminə çevrilməsidir".

Türkan Cəfərova əlavə edib ki, planlaşdırılan “Kinopark” layihəsi isə kinostudiyanın ictimai və yaradıcı potensialını genişləndirən ayrıca bir konsepsiyadır. Burada həm tematik sərgi və ekspozisiya zonalarının, həm də açıq hava kino məkanlarının, təhsil və seminar səhnələrinin, gənc kino peşəkarları üçün yaradıcı emalatxanaların təşkili nəzərdə tutulur. 

"Konsepsiya həm kino tarixinin nümayişini, həm də müasir kino prosesinə dəstək verən canlı, interaktiv bir mühitin yaradılmasını hədəfləyir".

O qeyd edib ki, layihənin mühüm komponentlərindən biri də Cəfər Cabbarlının heykəlinin restavrasiyasıdır. Restavrasiya zamanı abidənin ilkin bədii həlli və tarixi dəyəri qorunacaq, həm vizual, həm də konstruktiv baxımdan yenilənməsi təmin olunacaq. Məqsəd heykəlin gələcək “Kinopark” məkanında mərkəzi bir mədəni-simvolik element kimi qorunmasıdır.

Türkan İsgəndərli

TodayPress TV

tag: Cəfər Cabbarlı,Təmir,“Azərbaycanfilm”,Heykəl,Todaypress.tv,