"Bu, trend deyil, psixi pozuntudur" - Sosioloqdan XƏBƏRDARLIQ!
Cəmiyyət
17.11.2025 19:15
Sosial şəbəkələrdə yayılan bəzi görüntülərin “trend” kimi təqdim olunması cəmiyyətdə ciddi narahatlıq yaradıb.
Belə ki, bir qrup gənc yol nişanlarından sallanaraq rəqs hərəkətləri edərək təhlükəli və məsuliyyətsiz davranış sərgiləyiblər.
Sosioloq Elçin Bayramlı mövzu ilə bağlı TodayPress TV-yə açıqlamasında bildirib ki, bu davranışlar əslində psixi pozuntuların nəticəsidir və belə hallar ciddi nəzarət tələb edir.

Onun sözlərinə görə, normal şəxs üçün “trend” anlayışı yoxdur:
"Bu, trend deyil, konkret psixi xəstəlikdir. Psixi problemi olan və ya ağır dərəcəli xəstələr belə hərəkətlər edirlər. Bəziləri ictimai normalara, bəziləri isə özlərinə zərər vurur. Dövlət əmlakına ziyan vurmaq isə mütləq cəzalandırılmalıdır".
Sosioloq hesab edir ki, problemin köklü həlli üçün ölkə üzrə əhalinin psixi müayinədən keçirilməsi vacibdir:
"Hazırda 10 minlərlə, hətta 100 minlərlə psixi xəstə sərbəst şəkildə cəmiyyətdə dolaşır. Halbuki onların müalicəsi psixi dispanserdə aparılmalıdır. Sovet dövründə bu xəstələr nəzarətdə olurdu, indi isə heç bir sistem yoxdur".
Ekspert vurğulayıb ki, psixi problemləri olduğu açıq şəkildə davranışlarında görünən şəxslər əvvəlcə məsuliyyətə cəlb edilməli, daha sonra məcburi müalicəyə yönləndirilməlidir:
"Belə hallar artıq cinayətlərə də yol açır. Cəmiyyətin təhlükəsizliyi naminə həmin şəxslər mütləq şəkildə dispanserə yerləşdirilməlidir. Mövcud nəzarət boşluğu səbəbindən bu cür biabırçı hallar ölkədə geniş yayılıb və problemin qarşısının yalnız sistemli yanaşma ilə alınması mümkündür", - deyə Elçin Bayramlı qeyd edib.
Türkan İsgəndərli
tag: Sosioloq,Trend,Gənc,Elçin Bayramlı,Todaypress.tv,
