Bu binalar dağılma riski ilə üz-üzədir – CİDDİ XƏBƏRDARLIQ!

Cəmiyyət

27.11.2025 15:21

“Azərbaycanda, xüsusilə də sovet dövründə tikilmiş binalarda özbaşına aparılan təmir işləri ciddi təhlükə yaradır”.

Bu barədə TodayPress TV-yə danışan memar Elçin Əliyev bildirib ki, kooperativlər tərəfindən tikilən binaların idarəçiliyinə həmin kooperativin şurası cavabdeh olmalıdır. 


Lakin belə qurumlar mövcud olmadıqda, məsuliyyət köhnə "JEK"lərin Mənzil Kommunal İstismar Sahələrinin üzərinə düşür.

"İllər ərzində sakinlər mənzillərində təmir apararkən çox vaxt bilmədən binanın daşıyıcı konstruksiyasına müdaxilə edirlər. Bu zaman sütunların yerinin dəyişdirilməsi, riqellərin kəsilməsi, layihədə nəzərdə tutulmayan qapı və keçidlərin açılması kimi hallar baş verir. Ayrı-ayrılıqda bu dəyişikliklər binanı dərhal çökmə riskinə salmasa da, müxtəlif mənzillərdə toplanan eyni tip səhvlər bütövlükdə binanın qəfil dağılmasına səbəb ola bilər".

Memar hesab edir ki, xüsusilə yeni və çoxmərtəbəli binalarda təmir işləri ciddi dövlət nəzarətinə götürülməlidir:

"Fövqəladə Hallar Nazirliyi bu prosesə nəzarət etməlidir ki, sakinlər bilmədən binanın konstruksiyasına zərər vurmasınlar. 1950-1960-cı illərin binaları müəyyən müddət üçün nəzərdə tutulmuşdu və onlar mütəmadi texniki xidmət almalı idi. Lakin reallıqda bu proses uzun illərdir davamlı şəkildə təmin edilmir".

Elçin Əliyev əlavə edib ki, şəhərin mərkəzində bəzi binaların yalnız fasadları yenilənir, amma periferiya ərazilərdə nə estetik, nə də texniki baxımdan zəruri qulluq göstərilir. Bu isə 50-70 il sonra binaların təbii köhnəlməsi və hətta qəfil dağılması riskini artırır.

O vurğulayıb ki, məsələ təcili olaraq sistemli şəkildə diqqətə götürülməlidir.

Qeyd edək ki, Goranboyda döşəməsi çökərək yararsız hala düşən beşmərtəbəli yaşayış binasının 5-ci bloku tamamilə çöküb. Hadisə ilə bağlı Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bütün sakinlər binadan təxliyə olunub. 

Türkan İsgəndərli

TodayPress TV

tag: Elçin Əliyev,Memar,Bina,Dağılma,Todaypress.tv,