Beton yığını Bakıda istiliyi 10 dərəcə artırır! — Qaynar qazana necə düşürük?

Cəmiyyət

13.05.2026 13:40

“Bakı şəhərində “urban heat island” (şəhər istilik adası) effekti güclüdür. Bakıda gecə saatlarında temperatur ətraf ərazilərə nisbətən 7-8°C daha yüksək olur. Bu hal şəhər mərkəzində olan asfalt, beton səthlərin günəş enerjisini udaraq saxlanılması və gecə saatlarında radiasiya etməsi ilə bağlıdır”.

TodayPress TV xəbər verir ki, bunu coğrafiyaçı-hidrometeoroloq Sara Rəhimova öz “Facebook” hesabında yazıb.

O bildirib ki, Bakıda temperatur şəhər mərkəzi ilə Xəzərin sahil əraziləri arasında da fərqli olur. Şəhərdə hündür və sıx tikililər hava axınlarının qarşısını kəsir, beton istilik effekti yaranmış olur, mikroiqlim balansı pozulur:

№Səth istilik adası effekti gündüz yüksək olur. Atmosfer istilik adası isə effekti isə gecə daha yüksək olur. Çünki tikililər gündüz saatlarında yığılan istiliyi gecə saatlarında atmosferə radiasiya edir. Hündür binalar arasında olan dar küçələr küləyin sürətini azaldır. İstiliyin dağılması çətinləşir, havanın temperaturu yüksəlir. Həm də atmosfer çirkliliyinin artmasına da səbəb olur. LST (Land Surface Temperature) səth temperaturunun hesablanması üçün əsas metoddur.

LST = [T_B / (1 + ((λ×T_B)/ρ)×ln(ε))] - 273,15

T_B: Sensor yaxınlığında parlaqlıq temperaturu (Kelvin ilə).

λ: Yayılan radiasiyanın dalğa uzunluğu (Landsat 8 Band 10 üçün 10.895 μm).

ρ: h × c/σ = 1.438 × 10⁻² m K = 14388 μm K.

ε: Yer səthi emissivliyi. Asfalt/beton səth üçün 0.97

Bu ifadəyə əsasən 10 may 2026-cı il 11:00 tarixində Bakıda səthdə temperatur təqribi 33.5°C olmuşdur. Bu da bu tarix və hava temperaturu üçün kifayət qədər yüksəkdir. Havanın temperaturu isə 22°C olmuşdur. Yay aylarında gündüz saatlarında Bakıda səthdə temperatur 40-48°C-ə çatır”.

S.Rəhimovanın sözlərinə görə, yüksək temperatur olan zaman ürək-damar və tənəffüs xəstəlikləri olan şəxslərin sağlamlığı risk altında olur:

“Bu halların qarşısını almaq üçün yaşıllıqları artırmaq, beton, asfalt örtüyünü yaşıllıqlarla əvəz etmək, binaların sıxlığını azaltmaq mütləqdir. Azərbaycan reallığında korrupsiya, tikintilərdə pul yumaq səbəbindən mərmər parklar, sıx beton tikililər, minimal yaşıllıqlar üstünlük təşkil edir. Bakının istilik adası effektinin belə vəziyyəti korrupsioner sistemin nəticəsidir”.

Qiymət Mahir

TodayPress TV

tag: Sara Rəhimova,coğrafiyaçı-hidrometeoroloq,Beton,Bakı,Todaypress.tv,