Bərbərxana və gözəllik salonlarında "ƏDV geri al" mexanizmi: Hansı üstünlükləri olacaq?
Cəmiyyət
19.11.2025 13:47
Gələn ildən vətəndaşlar bərbərxana, gözəllik salonu və kosmetoloji xidmətlər üçün etdikləri nağdsız ödənişlərdən ƏDV-nin bir hissəsini geri ala biləcəklər. Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin məqsədi bu sektorda şəffaflığı artırmaq və nağdsız ödənişləri stimullaşdırmaqdır.

Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli TodayPress TV-yə bildirib ki, “ƏDV geri al” mexanizminin əsas mahiyyəti iqtisadi dövriyyədə şəffaflığın artırılmasıdır:

Onun sözlərinə görə, kartla ödəniş prosesləri tam uçotda olduğu üçün bu mexanizm həm vergidən yayınmaların qarşısını alır, həm də məlumat axınını daha sistemli edir:
"ƏDV geri al layihəsinin üç əsas məqsədi var. Birincisi, şəffaflığın artırılmasıdır. Bu, vergi ödənişlərinin optimallaşdırılmasına və uçot-informasiya sisteminin yaxşılaşdırılmasına xidmət edir. İkincisi, nağdsiz ödənişlərin genişləndirilməsidir. Bu həm şəffaflıq gətirir, həm də maliyyə sektorunu inkişaf etdirir, vəsaitin nağddan bank sektoruna keçidini sürətləndirir. Üçüncüsü isə sosial aspektdir. Vətəndaş prosesdə fəal iştirak etdikdə büdcədən ona müəyyən vəsait geri qaytarılır".
İqtisadçı əlavə edib ki, xidmət sektorunun, xüsusilə də bərbərxana və gözəllik salonlarının bu mexanizmə daxil edilməsi təsadüfi deyil. Çünki bu sahələrdə vergidən yayınma halları daha çox müşahidə olunur:

"Bu sektorda nağd ödənişlər üstünlük təşkil edir. Vətəndaşları kartla ödəniş etməyə və qəbz tələb etməyə həvəsləndirməklə nağd dövriyyənin azalmasına nail olmaq mümkündür. "ƏDV geri al" bu sahədə də müsbət təsir göstərəcək".
Xalid Kərimli qeyd edib ki, mexanizm son illər tətbiq edildiyi bütün sahələrdə müsbət nəticə verib və gələn ildən xidmət sektoruna əlavə edilməsi şəffaflığın daha da artmasına səbəb olacaq.
Türkan İsgəndərli
tag: Xalid Kərimli,İqtisadçı,ƏDV,Ödəmə,Todaypress.tv,
