Bakıda məşhur yazıçının oğluna fantastik cərimələr gəldi - 10 400...

Cəmiyyət

14.05.2026 11:18

Yazıçı Səfər Alışarlı etibarnamə və cərimə məsələsinin ailələri üçün ciddi problem yaratdığını deyib.

TodayPress TV xəbər verir ki, oğlu İqbal Alışarlı idarə etdiyi avtomobili 1 yanvar 2026-cı ildə sahibinə təhvil versə də, etibarnamənin qüvvədə qalması səbəbindən həmin nəqliyyat vasitəsini sonradan idarə edən şəxslərin törətdiyi qayda pozuntuları onun adına rəsmiləşdirilib.

Nəticədə 2026-cı ilin yanvar, fevral və mart aylarında qeydə alınan çoxsaylı cərimələr və cərimə balları İqbalın adına yazılıb:

"Bu səbəbdən onun sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılıb. Cərimələrin ümumi məbləği 10 min 400 manata, üstəlik dəbbə puluna çatıb. Məbləğin bu qədər yüksək olmasının əsas səbəbi sürücülük hüququ məhdudlaşdırılmış şəxsin formal olaraq avtomobili idarə etməsi kimi qiymətləndirilməsi olub. Bu halda hər kiçik qayda pozuntusuna görə 400 manat cərimə tətbiq edilib".

Yazıçının sözlərinə görə, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində qayda pozuntularını törədən şəxslər müəyyən olunub. Bundan sonra cərimələr və cərimə balları oğlunun adından silinərək aidiyyəti üzrə yönləndirilib, onun sürücülük hüququ isə bərpa edilib:

"Məsələnin obyektiv və ədalətli şəkildə araşdırılmasına görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına və prosesdə iştirak edən polis əməkdaşlarına təşəkkür edirəm".

Türkan İsgəndərli

TodayPress TV

tag: Yazıçı,Cərimə,Səfər Alışarlı,Nəqliyyat,Todaypress.tv,