Bakıda küçə ticarəti qadağan olunacaq? - AÇIQLAMA
Cəmiyyət
04.12.2025 16:23
Bakının Yasamal rayonunda “Yasamal” bazarı və “İnşaatçılar” metrostansiyası ətrafında keçirilən reyd zamanı ciddi qanunsuzluqlar aşkarlanıb. Yoxlamalar nəticəsində yumurta, süd və süd məhsullarının baytarlıq ekspertizasından keçmədən, həmçinin soyuducu rejimi olmadan, açıq havada satıldığı müəyyən edilib. Bundan əlavə, ev üsulu ilə hazırlanmış, etiket məlumatı olmayan turşuların satışa çıxarıldığı da qeydə alınıb. Satıcılara nöqsanların aradan qaldırılması ilə bağlı məcburi göstərişlər verilib.

Məsələ ilə bağlı qida eksperti Fərid Səfərov TodayPress TV-yə açıqlamasında bildirib ki, belə yerlərdən alınan məhsullar insan sağlamlığı üçün çox ciddi təhlükə yaradır.

Onun sözlərinə görə, açıq şəraitdə və səhv temperaturda saxlanılan yumurta və süd məhsulları bir neçə saat ərzində mikroblarla çirklənə bilər:
"Salmonella yumurtada, "E.coli", "Listeria", "Staphylococcus aureus" isə süd və süd məhsullarında sürətlə çoxala bilir. +5°C-dən yuxarı temperaturda bu mikrobların artması daha da sürətlənir. Açıq məhsullar toz, milçək və çirkli qablar vasitəsilə çirklənir Evdə hazırlanan, lakin etiketlənməyən turşular da xüsusi risk daşıyır. Bu məhsulların hansı qablarda hazırlandığı bilinmir. Alüminium və sink kimi ağır metalların qidaya sızması mümkündür. Plastik qabların təkrar istifadəsi isə xərçəngtörədici maddələrin, məsələn, "BPA"nın turşuya keçməsinə səbəb ola bilər".
Ekspert əlavə edib ki, etiket olmadığından tərkibdə hansı ədviyyatların, allergenlərin və qatqıların olduğu bilinmir ki, bu da hamilələr, uşaqlar və allergiyası olan şəxslər üçün ciddi təhlükə yaradır.

"Küçədə satılan belə məhsullar risklərlə müşayiət olunur. Bunlar qida zəhərlənməsi, botulizm riski, ishal, qusma, yüksək qızdırma, bağırsaq və ağız boşluğu infeksiyaları, hamilələrdə döl üçün təhlükə, ağır metal və toksinlərlə zəhərlənmədir. Xüsusilə immun sistemi zəif olan kateqoriyalar, körpələr, hamilələr, yaşlılar və xroniki xəstələr bu cür məhsullardan çox ağır zərər görə bilərlər".
Fərid Səfərov istehlakçılara çağırış edərək qeyd edib ki, belə məhsullar ən yüksək risk qrupuna daxildir. Yalnız təmiz, sertifikatlaşdırılmış mənbələrdən alınmış qidaları seçmək vacibdir. Tərkib, istehsal tarixi və istifadə müddəti mütləq göstərilməlidir.
O vurğulayıb ki, qanunsuz küçə ticarətinin qarşısının alınması həm ictimai sağlamlıq, həm də qida təhlükəsizliyi baxımından zəruridir.
Türkan İsgəndərli
tag: Fərid Səfərov,Qida eksperti,Küçə ticarəti,Təhlükə,Todaypress.tv,
