Azərbaycanda yırtıcı quşun yuvasından canlı açıb, balalarını satışa çıxartdılar

Cəmiyyət

12.05.2026 16:33

Tik-Tok platformasında Azərbaycanda yırtıcı quşun yuvasından canlı yayım açılaraq balaları satışa çıxarılıb.

TodayPress TV xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərdə naməlum şəxslərin yırtıcı quşun yuvasına müdaxilə etdiyi və balaları satış məqsədilə nümayiş etdirdiyi əks olunub.

Hadisə sosial şəbəkələrdə geniş narazılıq doğurub. Məsələ ilə bağlı aidiyyəti qurumların araşdırma aparacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə əsasən, heyvanlarla rəhmsiz rəftar inzibati məsuliyyət yaradır. Bu məsələ İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə, heyvanlara — o cümlədən vəhşi quşlara — ağrı vermək, işgəncə etmək, yuvalarını dağıtmaq, balalarını narahat etmək və ya onlarda stress yaratmaq inzibati xəta hesab olunur.

Qanuna əsasən, bu cür hallara görə müxtəlif məbləğlərdə cərimələr nəzərdə tutulub. Adi hallarda heyvanlarla rəhmsiz rəftar edən şəxslər 500 manatdan 800 manata qədər cərimə oluna bilər.

Əgər bu hərəkətlər nümayişkaranə şəkildə, məsələn sosial şəbəkələrdə canlı yayım açmaq, video çəkib paylaşmaq yolu ilə edilərsə, cərimə məbləği 800 manatdan 1000 manata qədər artırılır.

Nəticədə heyvan və ya balası şikəst olarsa, qanunvericilik 1000–1500 manat məbləğində cərimə nəzərdə tutur. Əgər heyvanın və ya balanın tələf olması baş verərsə, həmin şəxs 1500–2000 manat cərimə ilə yanaşı, 1 aya qədər inzibati həbs də ala bilər.

Qeyd olunur ki, bu maddə yalnız ev heyvanlarına deyil, vəhşi heyvanlara və yırtıcı quşlara da şamil edilir.

TodayPress TV

tag: Tik-Tok,Yırtıcı quş,Satış,Azərbaycan,Todaypress.tv,