Azərbaycanda qoyun və keçi sayı azalır: Qiymət artımı gözlənilir?

Cəmiyyət

17.11.2025 17:44

Azərbaycanda qoyun və keçilərin sayının kəskin azalması ölkədə qoyun və quzu ətinin qiymətinə birbaşa təsir göstərə bilər.  Heyvanların azalması bazarda təklifin aşağı düşməsinə, bunun isə qiymətlərin artmasına səbəb olması gözlənilir.

İqtisadçı Akif Nəsirli TodayPress TV-yə açıqlamasında deyib ki, mövcud dinamika ət bazarında ciddi risk yaradır:


"Heyvanların sayı azalanda bazarda ət təklifi də azalır. Təklif azalır, tələb isə eyni qalırsa, qiymət qaçılmaz olaraq yüksəlir. Daxili istehsalın azalması idxal ehtiyacını artıracaq və bu da əlavə xərc deməkdir. Say azaldığı üçün daha çox ət idxal etmək lazım gəlir. İdxalın logistika və gömrük kimi əlavə xərcləri olur, bu da qiymətləri daha da qaldıra bilər".

Akif Nəsirli əlavə edib ki, artan yem xərcləri fermerləri də qiymətləri artırmağa məcbur edir:

"Yem bahalaşdığı üçün fermerlər əvvəlki qiymətlə işləyə bilmir. Bu da bazarda ümumi bahalaşma təzyiqi yaradır".

İqtisadçı vurğulayıb ki, mövcud vəziyyət heyvan sayının azalmasının ət bazarında qiymət artımı üçün real təhlükə olduğunu göstərir.

Qeyd edək ki, 2025-ci il oktyabr ayının 1-nə Azərbaycanda iribuynuzlu heyvanların sayı 2 milyon 438.8 min baş, xirdabuynuzlu heyvanların sayı isə 6 milyon 763.7 min baş təşkil edib.

Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2024-cü ilin oktyabr ayının 1-i ilə müqayisədə iribuynuzlu heyvanların sayı 2% və ya 50.5 min baş, xırdabuynuzlu heyvanların sayı isə 3.5% və ya 242 min baş azalıb.

Türkan İsgəndərli

tag: Qoyun,Keçi,Qiymət artımı,Azərbaycan,Todaypress.tv,