Azərbaycanda ikinci əl avtomobillərə tələbat yenidən artacaq - Ekspert
Cəmiyyət
18.11.2025 15:37
"Azərbaycanda gələn ildən qüvvəyə minəcək yeni tələblər və vergi dəyişiklikləri fonunda ikinci əl avtomobillərə maraq yenidən artacaq".
Bunu nəqliyyat eksperti Adil Nəbiyev TodayPress TV-yə açıqlamasında deyib.
.jpg)
Onun sözlərinə görə, Çin istehsalı avtomobillər bazara daxil olmadan əvvəl ölkədə daha çox ikinci əl avtomobillərə üstünlük verilirdi. Buna səbəb yeni avtomobillərin baha olması idi:
"Yeni avtomobillər əlçatan deyildi, buna görə də alqı-satqının böyük hissəsini işlənmiş avtomobillər təşkil edirdi. Son illərdə taksi fəaliyyəti üçün qoyulan tələblərin sərtləşməsi yeni avtomobillərə marağı artırsa da, bu uzunmüddətli olmayacaq. Çin maşınları daha ucuz olduğu üçün taksi sürənlərin çoxu onları alırdı. Amma yeni ildən vergi və ƏDV ilə bağlı dəyişikliklər səbəbindən Çin avtomobilləri bahalaşacaq. Bu da ikinci əl avtomobillərə tələbatı artıracaq.
Ekspert hesab edir ki, keyfiyyətli ikinci əl avtomobil bir çox hallarda daha etibarlı seçim ola bilər:
"Almaniya, Yaponiya, Koreya istehsalı olan avtomobillər düzgün qulluq olunubsa, qəzasızdırsa və yürüşü ilə oynanılmayıbsa, 10-15 il problemsiz xidmət göstərə bilər. İkinci əl avtomobil alarkən peşəkar ustaya göstərmək və kompüter diaqnostikası vacibdir. Amerikadan gətirilən bəzi maşınlar suya düşmüş olur, bu isə sonradan ciddi problemlər yarada bilir. Mütləq elektronika, mühərrik, sürətlər qutusu və alt hissə yoxlanılmalıdır".
Mütəxəssis əlavə edib ki, qəzalı avtomobillərdə ən böyük risk daşıyıcı konstruksiyanın, xüsusilə lonjeronların zədələnməsidir:
"Bəzən aşıb düzəldilmiş avtomobillər olur. Çöldən yaxşı görünsə də, yolda əyri gedir və idarəetmədə problemlər yaradır. 5-10 il işlənmiş avtomobillər eyni modelin yenisindən təxminən iki dəfə ucuz olur. Azərbaycanın gəlir reallığını nəzərə alsaq, bu daha uyğun variantdır. Xarici təcrübədə də belədir ki, insan aldığı maşının dəyəri iki illik maaşını keçməməlidir".
Adil Nəbiyev vurğulayıb ki, yeni avtomobil almaq imkan daxilindədirsə, əlbəttə üstünlük verilə bilər, lakin lizinqdə qiymət ikiqat bahalaşdığı üçün risk yaradır.
O, Azərbaycanda ən çox sürülən avtomobil markalarını sadalayıb:
"Bizdə Alman maşınları daha çox sevilir. Yapon istehsalı "Toyota", "Honda", eləcə də Koreyanın "Hyundai" və "Kia markaları geniş yayılıb. "Mercedes" və "BMW" isə illərdir ən populyar markalardandır. İqtisadi reallıqları nəzərə alaraq ikinci əl avtomobillərə tələbatın artımı davam edəcək", - deyə ekspert qeyd edib.
Türkan İsgəndərli
tag: Adil Nəbiyev ,Toyota,Honda,BMW,Todaypress.tv,
