Antalya və Bodrumda milyonlarla insan sağ qalır, Xəzərdə isə hər yay onlarla insan ölür… Sirr nədədir?

Antalya və Bodrumda milyonlarla insan sağ qalır, Xəzərdə isə hər yay onlarla insan ölür… Sirr nədədir?
23.06.2026 14:35 Cəmiyyət

Antalya və Bodrum kimi dünyanın ən çox turist qəbul edən çimərliklərində hər il milyonlarla insan dənizə üz tutsa da, ölüm və boğulma halları nisbətən aşağı olur. Amma Xəzərin bəzi nəzarətsiz sahələrində isə hər yay təkrarlanan faciələr ciddi suallar yaradır. Bu halda aydın olur ki, fərq təkcə dənizin təbiətində deyil, daha çox təhlükəsizlik sistemləri və insan davranışı ilə bağlıdır.

Mövzu ilə bağlı TodayPress TV-yə açıqlama verən təhlükəsizlik eksperti Orxan Musayev bildirir ki, çimərliklərdə baş verən faciələrin böyük əksəriyyəti insan faktoru ilə əlaqədardır. Yəni qarşısı alına biləcək səhvlər nəticəsində insanlar təhlükəli vəziyyətə düşürlər. Spirtli içki qəbul edərək suya girmək, uşaqları nəzarətsiz buraxmaq və qadağan olunmuş ərazilərdə çimmək kimi hallar hələ də ciddi problem olaraq qalır. Eyni zamanda bir çox insan dənizin dəyişkən təbiətini, güclü axınları və külək faktorunu kifayət qədər nəzərə almır. Halbuki bu kimi təbii şərtlər hətta təcrübəli üzgüçülər üçün belə risk yarada bilər.


Ekspertin sözlərinə görə, rəsmi və nəzarət olunan çimərliklərdə vəziyyət daha təhlükəsizdir. Belə ərazilərdə xilasetmə xidmətləri fəaliyyət göstərir, suyun dərinliyi nəzarətdə saxlanılır və təhlükəli daşlıq və ya relyef elementləri təmizlənir. Nəzarətsiz çimərliklərdə isə bu imkanlar olmadığı üçün hər hansı fövqəladə halda insan həyatını xilas etmək çox çətin olur.

Problemin digər vacib tərəfi maarifləndirmədir. İnsanlar yalnız “dalğa var, çimmək olmaz” kimi sadə xəbərdarlıqlarla kifayətlənməməli, dənizdə baş verən təhlükəli proseslərin mahiyyətini də anlamalıdırlar. Axına düşdükdə bədəndə nə baş verir, boğulma hadisəsinin necə sürətlə inkişaf etdiyi kimi biliklər daha geniş şəkildə ictimaiyyətə çatdırılmalıdır.

Eyni zamanda qayda pozuntularına qarşı həm ictimai nəzarət, həm də inzibati tədbirlər gücləndirilməlidir. Çünki təhlükəli davranışlar təkcə fərdi risk yaratmır, həm də ümumi faciələrə səbəb olur.

Xəzərdə baş verən boğulma hadisələrinin əsas səbəbi çox vaxt dənizin özü deyil, insanın diqqətsizliyi və “mənə heç nə olmaz” yanaşmasıdır. Bu düşüncə dəyişmədikcə, hər yay oxşar faciələrin təkrarlanma ehtimalı qalır.

Xanım Musayeva

XƏBƏR LENTİ
23 IYUN 2026
Bütün Xəbərlər