Nazir: “İndiyədək Azərbaycan ilə İsrail arasında 23 saziş imzalanıb”
Xarici siyasət
26.01.2026 15:57
“Azərbaycan ilə İsrail arasında münasibətlər uzunmüddətli siyasi etimada, konstruktiv dialoqa və institusional əməkdaşlığa əsaslanır”.
TodayPress TV xəbər verir ki, bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan–İsrail Biznes Forumunda çıxışı zamanı səsləndirib.
Nazirin sözlərinə görə, bu əlaqələr təkcə dövlətlərarası deyil, həm də xalqlar arasında formalaşmış münasibətlərin və əsrlər boyu birgə yaşayışın möhkəm təməlini təşkil edir:
“Yüksək səviyyəli təmaslar ikitərəfli münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır. Bu baxımdan Davosda Dünya İqtisadi Forumunun Azərbaycan Prezidenti İlham Əliyev ilə İsrail Prezidenti İshak Hersoq arasında baş tutan görüşü xüsusi vurğulamaq lazımdır. Görüş zamanı Azərbaycan–İsrail münasibətlərinin müxtəlif sahələr üzrə ardıcıl inkişafı nəzərdən keçirilib və əməkdaşlığın genişləndirilməsi üçün yeni perspektivlər müəyyən edilib”.
M.Cabbarov qeyd edib ki, ölkələr arasında hüquqi baza kifayət qədər güclüdür və indiyədək Azərbaycan ilə İsrail arasında 23 saziş imzalanıb. Nazir ötən ilin noyabr ayında Qüdsdə keçirilmiş Hökumətlərarası Komissiyanın son iclasının yüksək səviyyədə təşkili və göstərilən qonaqpərvərliyə görə İsrail tərəfinə təşəkkür edib.
Qiymət Mahir
tag: Mikayıl Cabbarov,Azərbaycan–İsrail , Biznes Forum,Nazir ,Todaypress.tv,
