İtaliya Azərbaycanla əməkdaşlıq prioritetlərini təsdiqlədi

Xarici siyasət

14.01.2026 12:18

İtaliya 2028-ci ilədək Azərbaycanla əməkdaşlıq prioritetlərini müəyyən edib.

TodayPress TV xəbər verir ki, bu barədə İtaliyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdə xatırladıblar ki, yanvarın 13-də İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli Bakıda səfərdə olub.

Səfər çərçivəsində Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. Bundan başqa, Çirielli Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın altıncı iclasında iştirak edib.

İclasın yekunları üzrə komissiyanın həmsədrləri 2026-2027-ci illər üçün Birgə Fəaliyyət Planını (18 istiqamət üzrə 65 tədbiri əhatə edir - red.) təsdiq ediblər. Fəaliyyət Planı bir sıra istiqamətlər üzrə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə yönəlib.

"Komissiyanın işi təkcə energetika kimi prioritet sektorlarda deyil, həm də səhiyyə, infrastruktur, kosmos, aqrar-qida sektoru, gömrük sahəsində qarşılıqlı fəaliyyət və turizm kimi perspektivli sahələrdə, humanitar minatəmizləmə də daxil olmaqla həssas istiqamətlərdə əməkdaşlığın inkişafını nəzərdə tutan fəaliyyət planının hazırlanması ilə başa çatıb", - nazirliyin məlumatında deyilir.

TodayPress TV

tag: İtaliya,Azərbaycan,XİN,Əməkdaşlıq,Todaypress.tv,