Hindistanın zikhlərə qarşı siyasətinə həsr edilən konfrans keçirildi - YENİLƏNDİ
Xarici siyasət
16.01.2026 16:23
Bakıda Hindistanın milli azlıqlara qarşı repressiv siyasətinə həsr olunmuş beynəlxalq konfrans başa çatıb.
TodayPress TV xəbər verir ki, tədbirin yekununda Bakı Təşəbbüs Qrupu və Beynəlxalq Zikh Federasiyası tərəfindən birgə sənəd - zikhlərə qarşı zorakılığa son qoyulması çağırışı ilə beynəlxalq ictimaiyyətə müraciət imzalanıb.
Konfransda Pakistanın Pəncab əyalətinin insan haqları və azlıqlar üzrə naziri Rameş Singh Arora, Kanada, Böyük Britaniya və ABŞ-dən olan zikh icmalarının nümayəndələri, həmçinin xarici universitetlərdə insan haqları və etnik azlıqlar məsələlərində ixtisaslaşmış analitik mərkəzlərinin ekspertləri və alimlər iştirak ediblər.
Tədbir zamanı Hindistan hakimiyyətinin zikhlərə və digər etnik azlıqlara qarşı həyata keçirdiyi sistematik irqçilik, zorakılıq və repressiv siyasət məsələləri müzakirə edilib.
Qeyd edək ki, "Hindistanda Zikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar" mövzusunda konfrans Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən təşkil olunub.
***
09:58
Bakıda "Hindistanda Zikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar" adlı beynəlxalq konfrans keçirilir.
TodayPress TV xəbər verir ki, tədbirdə Pəncab əyalətinin insan hüquqları və azlıqlar üzrə naziri Rameş Singh Arora və digər rəsmilər, eləcə də Zikh icmasının Kanada, Böyük Britaniya və ABŞ-dəki nüfuzlu nümayəndələri, həmçinin, beyin mərkəzlərinin rəhbərləri, xarici universitetlərin insan hüquqları və etnik azlıqlar sahəsində fəaliyyət göstərən alimləri, Hindistan hökumətinin repressiv, irqçilik və təqib siyasətinin birbaşa qurbanı olan şəxslər iştirak edirlər.
Konfransda Hindistan hökumətinin Zikhlərə və digər etnik azlıqlara qarşı sistemli şəkildə apardığı irqi ayrı-seçkilik, zorakılıq və repressiv siyasəti, bu xüsusda Hindistan hökumətinin BMT-nin "Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt", "İrqçiliklə mübarizə üzrə beynəlxalq konvensiya" və "İşgəncələrə qarşı konvensiya" üzrə öhdəliklərinin etnik azlıqlara münasibətdə kobud şəkildə pozulması məsələlərinin müzakirəsi nəzərdə tutulur.
Eyni zamanda, real vəziyyətin beynəlxalq təşkilatların gündəliyində saxlanılması və müvafiq qərarların qəbul olunması, xüsusilə BMT-nin İnsan Hüquqları Komitəsi tərəfindən Hindistanda etnik azlıqların pozulmuş hüquqları, məhkəmə qərarları olmadan icra edilmiş edamların araşdırılması və BMT-nin xüsusi məruzəçiləri tərəfindən hüquq pozuntularının sənədləşdirilməsi və beynəlxalq monitorinqə çıxarılması imkanları ətrafında diskussiyalar aparılacaq.
Beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının və akademik çevrələrin bu prosesdə rolu, onların hazırladığı hesabatların, hüquqi rəylərin və tövsiyələrin beynəlxalq qərar qəbuletmə mexanizmlərinə təsiri imkanları müzakirə mövzusu olacaq.
tag: BTQ,Bakı,Tədbir,Konfrans,todaypress.tv,
