Bahar Muradova: “Araz bizi ayıran yox, birləşdirən dəyər olmalıdır”

Xarici siyasət

23.12.2025 14:00

“Azərbaycanla İran arasındakı münasibətlərin tarixi qədimlərə dayanır və Araz çayı artıq bizi ayıran deyil, ortaq dəyərlər üzərində birləşdirən amil kimi qəbul edilməlidir”.

TodayPress TV xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova İran İslam Respublikasının Prezidentinin qızı Zəhra Pezeşkian ilə təktəbək görüşü zamanı səsləndirib.

O bildirib ki, Azərbaycan və İran qonşu, qardaş region ölkələri kimi onları birləşdirən dəyərlərə xüsusi önəm verir. Bahar Muradovanın sözlərinə görə, ölkələri birləşdirən bu dəyərlər, həmçinin beynəlxalq formatlarda bir-birinin milli və mənəvi dəyərlərinə göstərilən hörmət ikitərəfli münasibətlərin mahiyyətini əks etdirir.

Komitə sədri vurğulayıb ki, Azərbaycan və İran prezidentləri, parlamentləri, eləcə də cəmiyyət və xalqlar arasında münasibətlər getdikcə möhkəmlənir. O əlavə edib ki, bu əlaqələrin daha da gücləndirilməsi hər iki tərəfin ortaq məsuliyyətidir.

Qiymət Mahir

TodayPress TV

tag: Bahar Muradova,Ailə, Qadın və Uşaq,Konfrans,Todaypress.tv,