Ada dövlətləri "simvolik" addımlarla qurban verilir – Henk Ovinkdən QLOBAL ÇAĞIRIŞ!
“Daha inklüziv yanaşma yalnız formal iştirak deyil, sistemlərin köklü dəyişməsini tələb edir”.
TodayPress TV xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Kiçik Ada Dövlətlərində (SIDS) inklüziv şəhər dayanıqlılığı, mavi iqtisadiyyat və dayanıqlı turizm” adlı xüsusi sessiyada Qlobal Su İqtisadiyyatı Komissiyasının icraçı direktoru Henk Ovink deyib.
O bildirib ki, hazırkı idarəetmə və planlaşdırma sistemləri real inklüzivliyi təmin etmək üçün uyğun deyil və bu, yalnız “simvolik iştirakla” məhdudlaşmamalıdır:
“Əgər həqiqi inklüzivlik təmin olunmazsa, gələcək üçün dayanıqlı həllərin hazırlanması mümkün olmayacaq. Kiçik ada dövlətlərinin iqtisadi modelləri ənənəvi qlobal qiymətləndirmə və maliyyə sistemləri ilə müqayisə edilə bilməz və bu yanaşma dəyişdirilməlidir. “Bretton Woods” sistemindən miras qalan ölçmə və dəyərləndirmə mexanizmləri ada ölkələrinin real ehtiyaclarını əks etdirmir”.
Henk Ovink bildirib ki, hazırkı sistemlər bərabərsizliyi azaldmaq əvəzinə daha da gücləndirir.
Onun sözlərinə görə, iqlim elmi mövcud imkanları göstərsə də, kiçik ada dövlətlərinin real ehtiyac və ambisiyaları hələ də qlobal siyasətlərdə tam əks olunmayıb.
O əlavə edib ki, Qlobal Su İqtisadiyyatı Komissiyası çərçivəsində yaradılan əməkdaşlıq modelləri su və iqlim idarəçiliyində yeni yanaşmaların inkişafına töhfə verir.
Qiymət Mahir