Ada dövlətləri "batır", köhnə pullar isə kömək etmir…
“Kiçik ada dövlətlərində maliyyə və infrastruktur sistemləri yeni yanaşma tələb edir”.
TodayPress TV xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Kiçik Ada Dövlətlərində (SIDS) inklüziv şəhər dayanıqlılığı, mavi iqtisadiyyat və dayanıqlı turizm” adlı xüsusi sessiyada Asiya İnkişaf Bankının Su və Şəhərsalma Sektoru İdarəsinin direktoru Jinmin Huanq deyib.
O bildirib ki, Asiya İnkişaf Bankı Sakit okean və digər regionlarda yerləşən kiçik ada dövlətlərinin inkişafını davamlı şəkildə dəstəkləyir və bu ölkələr təşkilatın 15 üzv ölkəsini əhatə edir.
Jinmin Huang qeyd edib ki, ada ölkələrində ənənəvi maliyyələşmə modelləri effektiv deyil, çünki bu ölkələrdə bazarlar kiçik, tikinti xərcləri yüksək və fiskal imkanlar məhduddur.
Onun sözlərinə görə, tez-tez təkrarlanan fəlakətlər və yüksək əməliyyat-təmir xərcləri mövcud infrastrukturu daha da həssas edir.
Direktor bildirib ki, xüsusilə mənzil sektorunda yalnız tikinti deyil, həm də torpaq hazırlanması, sahil zonaları və bütün ekosistem yanaşması nəzərə alınmalıdır.
Jinmin Huang vurğulayıb ki, ada ölkələrinin əksəriyyətində əhali sahilyanı ərazilərdə yaşayır və bu, dəniz səviyyəsinin qalxması, sahil eroziyası və daşqın risklərini artırır.
O əlavə edib ki, torpaq mülkiyyəti və mədəni faktorlar da şəhərsalma və mənzil planlaşdırılmasını daha mürəkkəb hala gətirir.
Direktor qeyd edib ki, bu səbəbdən qarışıq maliyyə modeli – güzəştli kreditlər, qrantlar və texniki yardım – birlikdə tətbiq olunmalıdır.
Qiymət Mahir