UEFA seçmə mərhələsinin püşkü: Azərbaycan 24 komanda arasında

UEFA

11.12.2025 12:09

Dekabrın 12-də futzal üzrə 2028-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılacaq.

TodayPress TV Azərbaycan Futzal Federasiyasına istinadən xəbər verir ki, milli komanda UEFA reytinqində 25-ci yerdə olsa da, Rusiyanın cəzalı olması səbəbindən əsas mərhələdən başlayan 24 komanda arasında yer alacaq.

Avropa zonasından 2028-ci il dünya çempionatına 7 komanda vəsiqə qazana bilər. Əgər turnirə Avropa ölkələrindən biri ev sahibliyi etsə, seçmə mərhələlərdən 6 komanda dünya çempionatına yüksələcək.

İlkin mərhələdən 12 komanda əsas raunda yüksəldikdən sonra ümumi iştirakçı sayı 36 olacaq. Sonradan hərəsində 3 komanda olmaqla 12 qrup təşkil olunacaq. 

Qrup qalibləri və ən yaxşı göstəriciyə malik dörd qrup ikincisi birbaşa Elit-raunda yüksələcək. Qalan 8 qrup ikincisi isə pley-off matçlarında gücünü sınayacaq və cütlərin qalibi olan 4 komanda Elit-raunda vəsiqə qazanacaq. Bütün oyunlar ev-səfər prinsipi ilə keçiriləcək.

Əsas mərhələnin oyunları 2026-cı il 12 oktyabr tarixindən start götürəcək. Pley-off görüşləri isə 2027-ci il 12–21 aprel tarixlərində keçiriləcək. 

Namiq HUN

TodayPress TV

tag: UEFA,Futzal,Azərbaycan,Çempionat,Todaypress.tv,