UEFA “Napoli” – “Qarabağ” matçından yazdı
UEFA
20.11.2025 12:02
UEFA-nın rəsmi saytı Çempionlar Liqasının V turunun “Napoli” – “Qarabağ” oyunu ilə bağlı yazı hazırlayıb.
TodayPress TV xəbər verir ki, matç noyabrın 25-də Neapol şəhərində keçiriləcək.
“Napoli” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Qarabağ”ı qəbul edəcək və qələbə qazanacağı halda Azərbaycan çempionu ilə xallarını bərabərləşdirəcək.
“Napoli” Azərbaycan təmsilçisi ilə ilk dəfə qarşılaşır. “Qarabağ” isə bundan əvvəl İtaliya klubları ilə keçirdiyi altı oyunun heç birində qalib gəlməyib (1 heç-heçə, 5 məğlubiyyət) və səfərdə oynadığı üç görüşün hər birində uduzub.
“Köhlən atlılar” son dəfə A Seriyası təmsilçisi ilə Çempionlar Liqasının 2017/18 mövsümündə qarşılaşıb. Qrup mərhələsi qarşılaşmasında azərbaycanlılar “Roma”ya evdə 1:2, səfərdə isə 0:1 hesabı ilə uduzublar.
Bu, “Napoli”nin Çempionlar Liqasının əsas mərhələsində 9-cu çıxışıdır. Komandanın ən yaxşı nəticəsi 2022/23 mövsümündə qeydə alınıb. O zaman klub 1/4 finala yüksəlib. Ötən mövsüm neapollular 2009/10 mövsümündən sonra ilk dəfə avrokuboklardan kənarda qalıblar.
“Qarabağ” Çempionlar Liqasının əsas mərhələsinə ikinci dəfə yüksəlib. Komanda ilk dəfə 2017/18 mövsümündə qrup mərhələsində çıxış edib və “Roma”, “Çelsi” və “Atletiko” ilə eyni qrupda sonuncu yeri tutub. Ağdam təmsilçisi həmin mövsüm iki xalını məhz “Atletiko”ya qarşı matçlarda qazanıb.
“Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində iştirak etmiş yeganə Azərbaycan komandasıdır.
Bu, klubun avrokuboklarda ardıcıl 12-ci ümumi/qrup mərhələsidir. Ötən mövsüm UEFA Avropa Liqasının ümumi mərhələsində azərbaycanlılar 8 oyunun 7-də məğlub olub (1 qələbə) və 36 komanda arasında sonuncu yeri tutub.
“Napoli” 4-cü turda “Ayntraxt”la (0:0) oynayıb və son 19 ev Çempionlar Liqası oyunundan yalnız birində məğlub olub (11 qələbə, 7 heç-heçə). Bununla belə, 2024/25 mövsümünün İtaliya çempionu turnirin əsas mərhələsində keçirdiyi son 6 oyunun yalnız birini qazanıb (2 heç-heçə, 3 məğlubiyyət). Bu mövsüm 4 turdan sonra italiyalıların aktivində 4 xal var.
“Napoli” Çempionlar Liqasında heç vaxt ardıcıl iki oyunda qol vurmayaraq qalmayıb. Komanda əsas mərhələdə keçirdiyi 32 ev matçının 30-da rəqib qapısına yol tapıb.
“Qarabağ” bu mövsüm keçirdiyi 10 avrokubok oyunundan yalnız 2-də uduzub (7 qələbə, 1 heç-heçə). IV turda Qurban Qurbanovun komandası evdə “Çelsi” ilə 2:2 oynayıb. “Köhlən atlılar” cari avrokubok mövsümündə evdə keçirdiyi beş oyunundan üçünü qazanıb (1 heç-heçə, 1 məğlubiyyət).
“Qarabağ” Liqa mərhələsınin startında səfərdə “Benfika” üzərində 3:2, evdə isə “Kopenhagen” üzərində 2:0 hesablı qələbə qazanıb. Bunlar klub tarixində əsas mərhələdə əldə olunan ilk qələbələrdir.
“Köhlən atlılar” Çempionlar Liqasındakı son 7 oyununda 18 qol vurub.
Kaboverdeli vinger Leandro Andrade “Qarabağ”ın son 6 avrokubok oyunundan 5-də qol vurub.
Namiq HUN
tag: UEFA,Napoli,Qarabağ,Matç,Todaypress.tv,
