Stiven Cerrard: “Liverpul” bəhanə yox, həll tapmalıdır
UEFA
22.01.2026 09:40
“Liverpul” klubunun sabiq kapitanı və yarımmüdafiəçisi Stiven Cerrard UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turunda “Marsel” üzərində qazanılan 3:0 hesablı qələbədən sonra baş məşqçi Arne Slotun səsləndirdiyi fikirləri tənqid edib.
TodayPress TV xəbər verir ki, Cerrardın sözlərini Daily Mail nəşri yayımlayıb.
İngiltərəli mütəxəssis komandanın cari mövsüm sabit oyun göstərə bilməməsinin səbəblərini izah edərkən rəqiblərin “aşağı blok”la müdafiə olunmasına tez-tez toxunmuşdu.
Cerrard bu yanaşma ilə razılaşmadığını bildirib:
“O, daim aşağı blokdan danışmağı dayandırmalıdır. Mən oynadığım dövrlərdə də “Liverpul”a qarşı aşağı blokla oynayırdılar, hətta ondan çox-çox əvvəl də bu belə idi. Bu, həmişə olub. Komandalar “Liverpul”u dayandırmaq üçün əllərindən gələni edəcəklər. Əsas məsələ həll yolları tapmaqdır. Sənin kifayət qədər keyfiyyətli futbolçuların var. Bu halda aşağı blokla oynayan komandalara qarşı matçlar heç-heçə yox, qələbə ilə başa çatacaq. Bu, dəyişməyəcək. Həftəsonu “Bornmut”la oyunda yenə aşağı blokla üzləşəcəklər. Amansız olmaq lazımdır və komandanın liderləri ön plana çıxmalı, qollar vuraraq belə oyunlarda qələbəni təmin etməlidirlər”.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin yanvarın 28-də keçiriləcək VIII turunda “Liverpul” “Enfild”də “Qarabağ” klubu ilə qarşılaşacaq.
Namiq HUN
tag: Liverpul,Marsel,UEFA,Stiven Cerrard,Arne Slot, Todaypress.tv,
