Mourinyodan sürpriz plan: “Real Madrid”ə qarşı gizli silah hazırdır

UEFA

16.02.2026 15:56

Joze Mourinyo UEFA Çempionlar Liqasında “Benfica” ilə “Real Madrid” klubları arasında keçiriləcək qarşılaşma üçün sürpriz taktiki variant üzərində işləyir.

TodayPress TV xəbər verir ki, portuqaliyalı mütəxəssis əvvəlki mərhələdə istifadə edə bilmədiyi variantı bu dəfə tətbiq edə bilər.

Söhbət yaxın zamanda komandaya qayıdan və start heyətinə düşmək üçün mübarizə aparan vinger Rafa Silvadan gedir.

32 yaşlı futbolçunun qayıdışı komandanın taktiki strukturuna təsir edib və bu, xüsusilə Sudakovun rolunu dəyişib. Ukraynalı yarımmüdafiəçi əvvəl hücumameyilli yarımmüdafiəçi kimi çıxış etsə də, Rafa Silvanın əlavə etdiyi sürət və dərinlik komanda daxilində rəqabəti artırıb. Sudakov əvvəlki “Real Madrid” oyununda yaxşı təsir bağışlasa da, son iki matça start heyətində yer almayıb.


Mourinyo bildirib ki, Rafa Silva daha çox hücum dərinliyi yaradır və irəliyə doğru aktiv hərəkət edir. Eyni zamanda məşqçi hər iki futbolçunun birlikdə meydanda olmasını da mümkün variant kimi dəyərləndirib.

Rafa Silva qayıdışından sonra hələ qol və ya məhsuldar ötürmə ilə yadda qalmasa da, onun təcrübəsi diqqət çəkir. Futbolçu “Benfica” forması ilə Çempionlar Liqasında 48 oyun keçirib, 13 qol vurub və 4 assist edib.

Namiq HUN

TodayPress TV

tag: Benfica,Real Madrid,Joze Mourinyo,UEFA,