Fred Qrim: “Qarabağ sürətli və təhlükəlidir!”

UEFA

09.12.2025 17:16

“Ayaks” klubunda baş məşqçi səlahiyyətlərini icra edən Fred Qrim Bakıdakı mətbuat konfransında “Qarabağ”ı yüksək qiymətləndirib. 

TodayPress TV-nin məlumatına görə, mütəxəssis UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VI turunda Azərbaycan çempionu ilə qarşılaşacaq oyun barədə danışıb.

“Qarabağ çox yaxşı komandadır. Futbolçular texniki cəhətdən güclüdür. Klubda hər kəs bizə dəstək olur, bu da ümid verir. Bu qarşılaşmanı səbirsizliklə gözləyirik. Hazırkı durumlarına əsasən futbolçulara şans verəcəyik. İnkişaf etməyə çalışırıq. Bu matç bizim üçün çox vacibdir”, – deyə Qrim bildirib.

Niderlandlı mütəxəssis Çempionlar Liqasındakı uğursuz nəticələrə də toxunub:

“Bu turnirdə xalsız qalmaq ağırdır. Biz də növbəti mərhələyə yüksəlmək istəyirdik. Bu turda xal qazanmaq niyyətindəyik. Yeddi xalı olan rəqibə qarşı oynayacağıq. Meydanda əlimizdən gələni edəcəyik. Rəqibin oyunlarını təhlil etmişik. Balanslı və böyümüş komandadır. Hücuma sürətli çıxırlar, yaxşı müdafiə olunurlar və ağıllı oynayırlar. Bizim də bu üsluba qarşı planlarımız var”.

Qeyd edək ki, “Qarabağ” – “Ayaks” oyunu dekabrın 10-da, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Namiq HUN

TodayPress TV

tag: Fred Qrim,Ayaks,Açıqlama,Qarabağ,Todaypress.tv,