Paşinyanla xanımı 8 aylıq fasilədən sonra bir arada
Ermənistanın Baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla təxminən 8 aylıq fasilədən sonra ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxıb.
TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Bildirilib ki, cütlük Ermənistan Milli Qalereyasında təşkil olunan sərgini ziyarət edib.
Sərgi Anna Akopyanın rəhbərlik etdiyi “Mənim addımım” fondunun icraçı direktoru olduğu dövrdə dəstəklədiyi “Daha dözməyəcəyik” adlı ailədaxili zorakılığa qarşı hərəkat çərçivəsində təşkil olunub. Ekspozisiyada müxtəlif ölkələrdə ailədaxili zorakılığa qarşı mübarizə məqsədilə həyata keçirilmiş təşəbbüslərlə bağlı materiallar nümayiş etdirilib. Onların arasında Avstraliya, Yeni Zelandiya, İtaliya, Çili və Finlandiya ilə bağlı nümunələr də var.
Ermənistan KİV-i Paşinyanla Akopyanın birlikdə görünməsini münasibətlərində barışıq əlaməti kimi qiymətləndirib. Bununla belə, cütlüyün münasibətlərinin bərpa olunduğuna dair rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, Anna Akopyan fevralın 27-də Nikol Paşinyandan ayrıldığını açıqlamış, hökumət iqamətgahını tərk edərək kirayə mənzilə köçdüyünü bildirmişdi. İyun ayında keçirilən parlament seçkiləri zamanı isə o, hakim “Vətəndaş müqaviləsi” partiyasına dəstək vermişdi.