Yaşa görə müavinət alanlara ŞAD XƏBƏR: Artım gözlənilir
Azərbaycan Prezidenti Yeni Azərbaycan Partiyasının qurultayında növbəti il minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağını bildirib. Artıq bununla bağlı cənab Prezident tərəfindən göstəriş də verilib.
Mövzu ilə bağlı TodayPress TV-yə danışan deputat Vüqar Bayramov bildirib ki, 2027-ci ildə növbəti sosial paketin reallaşdırılmasını müşahidə edəcəyik.
Onun sözlərinə görə, bu paket yalnız əməkhaqqı və pensiyaları deyil, eyni zamanda sosial müavinət alan vətəndaşlarımızı da əhatə edəcək.
"Təbii ki, bizim təkliflərimizdən biri də yaşa görə müavinətin artırılması ilə bağlıdır. Bildiyiniz kimi, mövcud qanunvericiliyə əsasən, əmək pensiyası almaq hüququ olmayan vətəndaşlarımız yaşa görə müavinət alırlar. Hazırda həmin müavinətin məbləği 220 manatdır. Ona görə də biz bu məbləğin artırılmasını və sosial müavinətlərdə nəzərdə tutulan artımların yaşa görə müavinətə də şamil olunmasını təklif edirik".
Deputat xüsusilə mövcud fiskal imkanlar çərçivəsində yaşa görə müavinətin artırılmasının mümkün ola biləcəyini ifadə edib.
"Bu baxımdan, bizim təklifimiz 65 yaşı tamam olmuş vətəndaşlarımızın daha çox sosial təminata ehtiyac duyduğunu nəzərə alaraq, yaşa görə müavinətin artırılması məsələsinə baxılması və bu istiqamətdə müvafiq qərarın qəbul edilməsi ilə bağlıdır.
Ümid edirik ki, mövcud fiskal imkanlar yaşa görə müavinətin artırılmasına şərait yaradacaq".
"Yaşayış minimumunun 245 manat olduğu bir şəraitdə yaşa görə müavinətin 220 manat təşkil etməsi həmin yaşlı təbəqənin gündəlik həyatına mənfi təsir göstərir".
Bunu TodayPress TV-yə açıqlamasında iqtisadçı Günay Hüseynova deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının qurultayında səsləndirdiyi fikirlər məhz minimum əməkhaqqı, pensiyalar və sosial müavinətlərin artırılması ilə bağlıdır:
"65 yaşdan yuxarı şəxslərə ödənilən vəsait isə yaşa görə müavinət şəklində verilir. Yaşa görə müavinətin artırılması məsələsi konkret şəkildə səsləndirilmədiyi üçün hazırda bu müavinətin nə qədər artırılacağı ilə bağlı dəqiq fikir söyləmək mümkün deyil. Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara əsasən, ərzaq inflyasiyası 7,2 faiz təşkil edir".
İqtisadçı vurğulayıb ki, əhalinin gəlirlərinin əhəmiyyətli hissəsi ərzaq məhsullarının alınmasına xərclənir:
"Yaşa görə müavinətin uzun müddət sabit qalması və eyni zamanda inflyasiyanın yüksəlməsi bu kateqoriyadan olan vətəndaşların maliyyə yükünün artmasına səbəb olur. Düşünürəm ki, bu istiqamətdə də müəyyən artımın nəzərdə tutulması mümkündür. Əgər yaşa görə müavinətin də artırılması nəzərdə tutulsa, bunu ümumi pensiya artımının nisbəti əsasında hesablamaq olar. Məsələn, artımın 9,4 faiz olduğunu fərz etsək, 220 × 9,4% = 20,68 manat olar.
Bu halda 220 manatlıq yaşa görə müavinət 240,68 manata yüksələ bilər. Yəni bu hesablamaya əsasən artım 20 manat 68 qəpik təşkil edər".
Ekspert bildirib ki, hazırda sosial müavinətlərin və pensiyaların həcminin maksimum 10 faizə qədər artırılacağı gözlənilir:
"Lakin konkret artım faizi və yaşa görə müavinətin bu artıma daxil olub-olmayacağı ilə bağlı yekun qərar hələ məlum deyil. Onu da qeyd edim ki, dövlət büdcəsindən bu kimi sosial xərclərin qarşılanması məqsədilə büdcə vəsaitlərinin 44 faizindən çoxu sosialyönümlü istiqamətlərə ayrılıb", - deyə Günay Hüseynova qeyd edib.
Türkan İSGƏNDƏRLİ