Rusiyadan Azərbaycana gözlənilməz təklif: Bakı bu addımı atacaq?

Təhlil

20.04.2026 14:09

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Zəngilanda Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 24-cü iclasında iştirak edib. İclasın əsas mövzusu iqtisadi əməkdaşlıq, azad edilmiş ərazilərdə investisiyalar və quruculuq layihələri olub. Eyni zamanda humanitar sahədə də çıxış edən Overçuk Azərbaycanı 1 aprel 2026-cı ildən Siriusda (Soçi) fəaliyyətə başlayan Beynəlxalq rus dili təşkilatının katibliyinə qoşulmağa dəvət edib. Təşkilatı Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan yaradıb.

Maraqlıdır ki, bu addımın arxasında hansı məqsədlər yatır? Azərbaycan qəbul edəcək?

Sözügedən mövzu ilə bağlı  Milli Məclisin deputatı Fazil Mustafa TodayPress TV-yə açıqlamasında qeyd edib ki, bu cür təşkilatlarda Azərbaycanın iştirakı bir daha düşünülərək qərarlaşdırılmalıdır. 

“Açığı bu istiqamətdə bizdə hansı addımların atılmasının nəzərdə tutulduğunu bilmirəm. Hər halda, bu ciddi düşünülməlidir. Çünki beynəlxalq rus dilinin bizə xüsusi bir aidiyyəti olduğunu düşünmürəm. Biz onsuz da bütün dillərə hörmətlə yanaşır və onların inkişafı üçün şərait yaradırıq. Lakin hansısa bir katiblikdə təmsil olunmaq, məncə, müstəqil dövlət üçün o qədər də önəmli və ya zəruri məsələ sayılmamalıdır”,- parlamentari qeyd edib.

O, əlavə edib ki, hazırda Rusiya ilə münasibətlər fonunda hansı razılaşmaların mövcud olduğu barədə məlumat yoxdur:

"Əgər belə bir məsələ olsaydı, yəqin ki, rəsmi açıqlamalarda öz əksini tapardı. Ümumilikdə isə hesab edirəm ki, bu cür təşkilatları yaradan tərəflərin onların fəaliyyətini davam etdirməsi daha məqsədəuyğundur”.

Jalə Rövşən

TodayPress TV

tag: Fazil Mustafa,Deputat,Rusiya,Azərbaycan,Todaypress.tv,